Tibbin tarixi insan həyatını xilas edən möhtəşəm kəşflərlə zəngindir. Bu kəşflərdən biri də ortopediya sahəsində inqilab yaradan İlizarov aparatıdır. Bu möcüzəvi tibbi cihaz minlərlə insanın həyatını xilas edib, onları əlillikdən qurtarıb və yeni həyat bəxş edib.
Onun yaradıcısı – Qavriil Abramoviç İlizarov – sadə həkimdən dünya şöhrətli alimə çevrilmiş və adı tibbin tarixində əbədi qalmış şəxsdir.
Qavriil İlizarov 15 iyun 1921-ci ildə Qusar şəhərində anadan olub. Orta təhsilini də burada alıb. Gənc yaşlarından elmə və təbabətə böyük maraq göstərib.
İlizarovun uşaqlığı Azərbaycanın Qusar bölgəsində keçib. Ailəsi sadə idi, evlərində kitab belə yox idi. Dünyada baş verənləri yalnız gələn-gedən adamlardan eşidirdilər. Atası ömrü boyu çobanlıq etmişdi və bu peşəni oğluna da öyrətmişdi.
Qavriil yalnız 12 yaşında məktəbə gedə bildi. Utandığı üçün birinci sinifdən yox, birbaşa beşinci sinifdən başladı. Qısa müddətdə proqramı mənimsədi və təhsildə böyük uğur qazandı.
Bir gün bir həkimin xəstəni sadəcə bir dərmanla ayağa qaldırdığını görəndə bunu möcüzə kimi qəbul etdi və özü də həkim olmağa qərar verdi.
O, Simferopol şəhərində tibb institutuna daxil oldu və bütün vaxtını kitablara həsr etdi. Xüsusilə İlya Meçnikov-un əsərlərinə böyük maraq göstərirdi.
İkinci Dünya müharibəsi başlayanda təhsilini sürətlə başa vurdu və həkim kimi fəaliyyətə başladı. Onu cəbhəyə yox, ucqar bir kənd xəstəxanasına göndərdilər. Burada o, həm baş həkim, həm cərrah, həm də terapevt kimi çalışırdı.
Lakin onu narahat edən əsas problem sınıqların düzgün sağalmaması idi. Bu problem onu yeni üsullar axtarmağa vadar etdi.
İkinci Dünya müharibəsi illərində həkim kimi fəaliyyət göstərərək çoxsaylı yaralı əsgərin həyatını xilas edib. Müharibədən sonra isə ortopediya və travmatologiya sahəsində çalışaraq sınıqların daha effektiv müalicə üsullarını araşdırmağa başlayıb.
1950-ci illərdə İlizarov sadə, lakin son dərəcə effektiv bir ideya irəli sürdü: sınıq və ya deformasiyaya uğramış sümükləri xaricdən xüsusi halqalar və metal çubuqlar vasitəsilə sabitləmək.
Beləliklə, 1951-ci ildə İlizarov aparatı ixtira olundu. Bu aparat sümüyün sınıq hissələrini xaricdən birləşdirərək onların düzgün istiqamətdə sağalmasına və hətta uzanmasına şərait yaradırdı. Bu üsul ortopediya sahəsində əsl inqilaba çevrildi.
Uzun müddət bu aparat yalnız Sovet İttifaqında istifadə olunurdu. Lakin əldə edilən nəticələr tezliklə bütün dünyada maraq doğurdu. 1960–70-ci illərdə artıq Avropa, ABŞ və Asiya ölkələrindən həkimlər İlizarovun klinikasına gələrək bu üsulu öyrənirdilər.
Kurqan, 1968-ci il.
Moskvadan gələn zəng təəccüb doğurmadı, əksinə, müəyyən narahatlıq yaratdı. Sovet idmanının ulduzu – Valeri Brumel – kömək istəyirdi. Motosiklet qəzasından sonra o, artıq bir neçə ildir əlil idi. SSRİ-nin ən yaxşı klinikalarında 20 əməliyyat keçirmişdi, lakin heç biri uğurlu olmamışdı.
Bəs Kurqandan olan bir həkim nə edə bilərdi? Üstəlik, artıq 15 ildir fəaliyyət göstərən bu həkimə çoxları inanmır, onu arxasınca “cərrahiyyənin çilingəri” adlandırırdılar. Yüzlərlə uğurlu əməliyyata baxmayaraq, tərəddüd edirdi. Uğursuzluq halında onu nə gözlədiyini yaxşı anlayırdı. Amma buna baxmayaraq, o, razılaşdı.
Bu həkim – Qavriil İlizarov idi.
Əməliyyatdan sonra Brumel tədricən ayağa qalxdı və bir neçə ay sonra məşqlərə başladı. Altı ay sonra isə yenidən yarışlara qatılaraq 2 metr 15 santimetr hündürlüyü fəth etdi.
Bu hadisə İlizarovu bütün dünyada məşhur etdi.
Bu gün İlizarovun adı demək olar ki, hər kəsə tanışdır. Onun möcüzəvi aparatı minlərlə insanı normal həyata qaytarıb. Dünyanın müxtəlif ölkələrindən xəstələr onun adını daşıyan Kurqan Travmatologiya və Ortopediya Mərkəzinə üz tuturlar.
Lakin bu uğura çatmaq üçün İlizarov düz 30 il mübarizə aparmalı oldu.
Bir vaxtlar o, yalnız qəzetlərdə şəkillərini gördüyü dünya çempionu Valeri Brumeli ilk dəfə qarşısında görəndə, onun ümidsiz vəziyyətdə olduğunu anladı. Rentgen nəticələri göstərirdi ki, idmançının ayağında ağır osteomielit yaranıb və sümük 3 santimetr qısalıb.
İlizarovun klinikasından yüzlərlə belə xəstə sağalmışdı. Amma bu dəfə nəticənin necə olacağı sual altında idi.
Bu cihaz vasitəsilə: mürəkkəb sınıqlar sağaldılır, əlil arabasına məhkum insanlar yenidən ayağa qalxır,
ayaq uzunluğu fərqləri aradan qaldırılır, anadangəlmə ortopedik qüsurlar müalicə olunurdu.
Bu gün İlizarovun adı ortopediya və travmatologiya sahəsində dahi alim kimi xatırlanır. Onun kəşfi milyonlarla insana sağlamlıq bəxş edib və hazırda dünyanın onlarla ölkəsində tətbiq olunur.
O, ömrünün sonuna qədər elmi fəaliyyətini davam etdirib və gələcək nəsil həkimlər üçün böyük məktəb yaradıb.
1979-cu ildə Lenin mükafatı laureatı olur. 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Elə həmin il Rusiya Elmlər Akademiyasının üzvü olur.
Qavriil İlizarov 24 iyul 1992-ci ildə, 71 yaşında ürək tutmasından vəfat edir.
Qoşqar Salmanlı





















