Ukrayna Prezidenti Volodimir Zelenski, noyabrın 20-də ABŞ nümayəndə heyəti ilə keçirdiyi görüşdən sonra bəyan edib ki, Kiyev, Amerika tərəfinin yeni təklifləri üzərində işləməyə hazırdır. Korrekt.az xəbər verir ki, Zelenski, bu barədə özünün Telegram kanalında məlumat verib.
Prezident, Pentaqon nümayəndə heyəti ilə keçirilən görüşün “çox ciddi bir söhbət” olduğunu vurğulayıb və Amerika tərəfinin Rusiya ilə müharibəyə son qoymaq məqsədilə öz təkliflərini təqdim etdiyini bildirib. Zelenski, Ukraynanın suverenliyini qoruyan və Rusiyanın gələcək işğalı üçün hər hansı bir ilkin şərt yaratmayan sülh sazişinə ehtiyac olduğunu qeyd edib.
“Mən əsas prinsiplərimizi vurğuladım və razılaşdıq ki, komandalarımız bu təkliflərin həqiqiliyinə əmin olmaq üçün işləyəcək. Biz geniş açıqlamalar verməyəcəyik. Aydın və dürüst işə hazırıq: Ukrayna, ABŞ, Avropa və dünyadakı dostlarımız və tərəfdaşlarımızla”, – deyə Zelenski bildirib.
O, həmçinin yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla danışmağa səbirsizliklə gözlədiyini əlavə edib. “Biz tam başa düşürük ki, Amerika gücü və dəstəyi sülhü yaxınlaşdırmaqda mühüm rol oynayacaq və biz bunu itirmək istəmirik”, – deyə Zelenski vurğulayıb.
Zelenski, Rusiya üçün tətbiq edilən yeni sanksiyaların gecikdirilməsi və müharibənin davam etdirilməsi ilə bağlı müxtəlif qiymətləndirmələrin olduğunu da qeyd edib və əlavə edib ki, Ukrayna müharibəni bitirmək üçün hər cür səy göstərəcək.
Qərb KİV-lərinin məlumatına görə, ABŞ prezident administrasiyası, Ukraynanın şərq rayonlarından imtina etməsini və Kiyevin NATO-ya üzv olma planlarından geri çəkilməsini təklif edən 28 bəndlik bir plan hazırlayıb. Bu plan, Vaşinqtonun Ukrayna və Avropaya Rusiyanın gələcək təcavüzünə qarşı təhlükəsizlik zəmanəti verməsini nəzərdə tutur.





















