image-1backend

Zelenskidən şok açıqlama: Ukrayna ABŞ bazalarını qorumaq üçün dronlar və mütəxəssislər göndərib

image-ads-728x90

Ukrayna prezidenti Volodymyr Zelenskyy bildirib ki, Ukrayna İordaniyada yerləşən ABŞ hərbi bazalarının mühafizəsinə dəstək məqsədilə tutucu dronlar və dron mütəxəssislərindən ibarət qrup göndərib. Korrekt.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə The New York Times qəzetinə müsahibəsində məlumat verib.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfindən yardım müraciəti cümə axşamı günü daxil olub və Ukrayna komandası artıq ertəsi gün Yaxın Şərqə yola düşüb. Komandanın yaxın vaxtlarda regiona çatacağı gözlənilir.

“Biz dərhal reaksiya verdik. Dedim ki, bəli, əlbəttə ki, mütəxəssislərimizi göndərəcəyik”, – deyə Zelenski qeyd edib.

Prezident bildirib ki, İran ətrafında gərginliyin artması və ABŞ–İsrail müharibəsinin başlanmasından sonra o və komandası Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt, Qətər və Səudiyyə Ərəbistanı liderlərindən bir sıra zənglər qəbul edib.

Eyni zamanda Ukrayna Yaxın Şərq ölkələrinə təhlükəsizlik sahəsində dəstək göstərməyə hazır olduğunu, bunun müqabilində isə onların Rusiya ilə diplomatik əlaqələrindən istifadə edərək Ukraynada atəşkəsin əldə olunmasına kömək edə biləcəyini bildirib.

Zelenski vurğulayıb ki, bəzi Yaxın Şərq ölkələrinin Rusiya ilə güclü münasibətləri mövcuddur və bu əlaqələr müharibənin dayandırılması istiqamətində vasitəçi rol oynaya bilər.

ABŞ nəşrinin təhlil etdiyi Ukrayna Hərbi Hava Qüvvələrinin gündəlik məlumatlarına əsasən, Ukrayna hazırda Rusiyanın birtərəfli zərbə dronlarının böyük hissəsini zərərsizləşdirmək imkanına malikdir. Məlumata görə, fevral ayında Rusiya Ukrayna şəhərlərinə təxminən 5 min zərbə və yalançı hədəf dronu göndərib və Ukrayna onların təxminən 87 faizini məhv edib.

Xatırladaq ki, Ukrayna rəhbərliyi daha əvvəl də hava hücumundan müdafiə və dronlarla mübarizə sahəsində əldə etdiyi təcrübəni Yaxın Şərq ölkələri ilə bölüşməyə hazır olduğunu bildirmişdi. Forbes nəşrinin yazdığına görə, Kiyev Rusiyanın 2022-ci ildən etibarən istifadə etdiyi “Şahid” tipli dronlara qarşı çoxsəviyyəli və nisbətən ucuz müdafiə sistemi formalaşdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki