Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Prezident Volodimir Zelenski vəzifədə olduğu müddətcə Ukrayna, sülh müqabilində ərazilərini verməyə razı olmayacaq. Korrekt.az xəbər verir ki, Yermak bu barədə “The Atlantic” jurnalının müxbiri Saymon Şusterə verdiyi müsahibəsində açıqlama verib.
Yermak qeyd edib ki, “Bu gün heç bir ağlı başında olan insan ərazinin verilməsi ilə bağlı sənədə imza atmaz. Nə qədər ki, Zelenski prezidentdir, heç kim bizdən ərazinin verilməsini gözləməməlidir. O, ərazini verən sənədi imzalamayacaq. Konstitusiya bunu qadağan edir. Heç kim Ukrayna konstitusiyasına və Ukrayna xalqına qarşı çıxmaq istəməsə, bunu edə bilməz” – deyə o bildirib.
Yermakın sözlərinə görə, Ukrayna yalnız müharibə edən tərəflərin nəzarətində olan əraziləri demarkasiya edən xəttin yerini müzakirə etməyə hazırdır. “Hazırda real olaraq müzakirə edə biləcəyimiz tək şey təmas xəttini müəyyən etməkdir. Və bunu etməliyik”, – deyə o əlavə edib.
Müsahibədə Yermak, ABŞ ilə danışıqlar zamanı Ukraynanın Amerika tərəfinin təklif etdiyi sülh planının əksər şərtləri ilə razılaşdığını da vurğulayıb. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Ukrayna ilə bağlı sülh planı ilkin olaraq 28 bənddən ibarət olub, lakin sonradan bu say 22-yə endirilib. Lakin ərazi məsələsi və Ukraynanın NATO-ya daxil olması məsələsi hələ də həll olunmamış qalır.
ABŞ rəsmiləri əvvəlcə Ukraynanın 27 noyabr tarixinə qədər sülh sazişi imzalayacağını gözləyirdilər. Yermak isə Zelenskinin Donald Trampla “mümkün qədər tez” görüşmək istədiyini, lakin hələ də belə bir görüşün baş tutmadığını açıqlayıb. O, həmçinin ABŞ-Ukrayna danışıqlarının bu həftə və gələn həftə keçiriləcəyini bildirib.
Rusiya prezidenti Vladimir Putin isə, öz növbəsində, danışıqların gələn həftənin əvvəlində Rusiyada baş tutacağını bildirib. O, Ukraynanın işğal edilmiş ərazilərdən çıxması şərtilə müharibənin sona çatacağını, əks halda, Rusiya qüvvələrinin güc yolu ilə nəticəyə çatacağına işarə edib.





















