Osmanlı imperiyasının möhtəşəm yüzillərində belə bir ənənə olub: uzun illər sultana, “dövləti-aliyə”yə xidmət edən sədr-əzəmlər, yəni baş vəzirlər axırda edam edilirmişlər.
Ümumilikdə 44 və ya 45 baş vəzir sultanların əmri ilə edam edilib. Böyük rəqəmdir. Sadəcə, bu edamlar əsrlər üzrə paylanıb.
Təkcə IV Murad və Sultan Mehmed (Avcı Mehmed) hərəyə 6 baş vəzir edam etdirib. Yavuz Sultan Səlim cəmi 8 illik hakimiyyətdə olub, 3 sədr-əzəmin edamına göstəriş verib. O dövrdə xalq arasında “Allah səni Yavuza vəzir eləsin” qarğışı məşhur imiş.
Parqalı İbrahimin edamına isə uşaqlıq və gənclik dostu Sultan Süleyman Qanuni qərar verib.
Amma bu yazıda söhbət Osmanlı səltənətindəki baş vəzirlərin edamından, hətta o edamların nə dərəcədə haqlı olub-olmamasından getmir.
Aydın məsələdir ki, edam edilənlərin hamısı saray intriqalarının, öz tamahkarlıqlarının, əzazilliklərinin, sultana sədaqətsizliklərinin bədəlini ödəyiblər. Məsum olsalar, kim onları durduqları yerdə edam edərdi ki? Xüsusilə də o qədər xidmətdən sonra.
Fəqət saray qapısında xidmətin fitrətində var: ya sona qədər qüsursuz xidmət etməlisən, ya da bir gün öz əlinə oynasan, xəyanət yoluna sapsan, o yol səni sabunlu kəndirin altına və ya edam kötüyünün üstünə aparacaq.
Müasir dövrdə Şərqdə hakimiyyət komandalarının birinci şəxsinə sədaqətsizliyə görə heç kəsi asmır, kəsmirlər, amma ciddi şəkildə cəzalandırır, dünyasını qaraldırlar. Başqa sözlə, tısbağanı öldürməsələr də, arxası üstə çevirirlər.
Uzun illər gənc Azərbaycan dövlətinin qeyri-rəsmi baş vəziri olmuş Ramiz Mehdiyevin (rəsmi vəzifəsi Prezident Administrasiyasının rəhbəri idi) başına gələnlər bu qəbildəndir. Sinninin ahıl çağında o, məhz bir vaxtlar iki rəhbərindən biri olduğu iqtidar komandasına, dövlətin birinci şəxsinə, eləcə də vətənə, xalqa sədaqətsiz davrandığı üçün aqibəti acınacaqlı oldu: ev dustağına çevrildi, illərlə topladığı limitsiz varidat müsadirə olundu, özü urvatsız hala salındı.
O, 80 yaşına kimi yaxşı gəlmişdi, yüksək vəzifəsindən də yaxşı, ehtiramlı şəkildə ayrılmışdı. İçindəki narazılığı və ambisiyasını boğa bilsəydi, yadellilərdən mədəd umaraq nəyinsə qisasını almaq fikrinə düşməsəydi, vəfat edəndə yeri Fəxri Xiyaban olacaqdı, nekroloqunda “Azərbaycan xalqına ağır itki üz vermişdir”, “görkəmli dövlət xadimi, akademik” kimi sözlər yer alacaqdı.
İndi bunlar olmayacaq. Adam məhkumdur, sadəcə, yaşı və səhhəti ilə bağlı olaraq cəzaçəkmə müəssisənə göndərilmir.
Artıq yazıda Ramiz Mehdiyevin insanlara nə cür yamanlıqlar etməsindən, ziyanlı hərəkətlərindən, zalımlığından bəhs etməyin yeri yoxdur. Son illərdə bu barədə çox yazılıb, hər kəs hər şeyi bilir.
Əsas məsələ onun taleyinin başqaları üçün ibrətamiz olub-olmayacağıdır.
Tarixi təcrübə göstərir ki, bunun presedenti olduqca az olub. Məsələn, yuxarıda dediyimiz kimi, Osmanlı sarayında həyatını itirən 44-45 baş vəzir edamının ilk qurbanlarının aqibəti sonrakılar üçün ibrət dərsi olmayıb. Edam olunmuş baş vəzirin yerinə gələn yeni baş vəzirlər də təxminən eyni səhvləri ediblər və taleləri sələflərininki kimi olub.
Bir çoxlarının ağlı xarici ölkələrə, xüsusilə də Avropa dövlətlərinə gedir, elə bilirlər, hakimiyyət ambisiyasını büruzə vermək normal qarşılanacaq. Şərqdə çox fərqlidir. Bu regionda birinci şəxsin yerinə göz dikmək, onun devrilməsinə çalışmaq bağışlanmır.
Bəzən deyirlər ki, Mehdiyevin mövcud iqtidarın möhkəmlənməsində, uzunömürlü olmasında müstəsna rolu olub. Hələ bir baxaq görək, Heydər Əliyev amili olmasaydı, Mehdiyevə o rolu verən olacaqdımı? Xeyr, heç bir iqtidar komandası onu yaxın buraxmayacaqdı və o, adi bir təqaüdçü olacaqdı. Onun “boz kardinal”a, ölkənin ən varlı adamlarından biriçə çevrilməsi göstərdiyi xidmətin on qat artıq ənamı idi.
Bu xüsusda ötən il Qırğızıstanda da ibrətamiz bir hadisə olub. Bir neçə il öncə prezident Sadır Japarov yaxın dostu, milli təhlükəsizlik naziri Kamçıbek Taşıyevlə özəl söhbətlərinin birində növbəti seçkilərdə hakimiyyətini ona verəcəyini bildirib, indidən hazırlaşmağını tövsiyə edib. Taşıyev isə prezidentliyə xüsusi səylə hazırlaşıb, hakimiyyətə rəsmən yiyələnəcəyi günü gözləmədən özünü hökmran kimi aparmağa başlayıb, dostlarını yığıb, öz ətrafında komanda formalaşdırıb. Onlar da özlərini hüdudsuz hakimiyyət əldə edibmişlər kimi aparmağa başlayıblar. Japarov bir də görüb ki, ölkədə az qala iki prezident var və biri özünü qanunların fövqündə aparır. Nəhayət, o, dostunu yanına çağırıb, onun yol verdiyi qəbahətləri üzünə sayıb və tutduğu vəzifədən kənarlaşdırıb. İndi Japarov bu fikirdədir ki, hakimiyyəti başqasına verməsin, hələ bir müddət də özü işləsin.
Yəni Şərqdə hakimiyyət ambisiyası nümayiş etdirərkən son dərəcə ehtiyatlı olmaq lazımdır. İndilikdə bu sağlam rəqabət kimi yox, qatı düşmənçilik kimi alqılanır.
Xalid KAZIMLI





















