ABŞ Prezidenti Donald Tramp Venesuelanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ideyasını gündəmə gətirib. O, hətta ölkədə prezident seçkilərinin əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edib.
Korrekt.az xəbər verir ki, Tramp bu fikirləri Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı səsləndirib.
ABŞ lideri Venesuela ilə münasibətlərin yaxşı olduğunu vurğulayaraq ölkənin gələcəyinin firavan ola biləcəyini bildirib.
“Kim bilir, bəlkə də tezliklə o, bizim firavan 51-ci ştatımız olacaq. Bu, mümkündür. Gəlin, onu 51-ci ştat edək”, – deyə Tramp bildirib.
O, Venesuelanın idarəetmə sistemində mümkün dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb.
“Orada prezident seçkiləri deyil, qubernator seçkiləri keçirək. Bu fikir necədir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir”, – deyə ABŞ Prezidenti əlavə edib.
Tramp çıxışı zamanı Vaşinqtonla Karakas arasında genişmiqyaslı neft sazişinin imzalandığını da xatırladıb. Onun sözlərinə görə, Venesuela nefti Texas ştatındakı müəssisələrdə emal olunacaq.
ABŞ lideri ölkəsinin neft ehtiyatları ilə bağlı iddialı açıqlama verərək hazırda digər ölkələrlə müqayisədə daha böyük neft imkanlarına malik olduğunu söyləyib.
Qeyd edək ki, Venesuelanın ABŞ-nin tərkibinə daxil edilməsi və ölkədə qubernator seçkilərinin keçirilməsi ilə bağlı səsləndirilən fikirlər Trampın təklifidir. Bu açıqlama özlüyündə belə bir siyasi dəyişikliyin həyata keçirilməsi barədə rəsmi qərar demək deyil.





















