Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədəki ağır ictimai-siyasi və hərbi vəziyyət səbəbindən müddətli həqiqi hərbi xidmət keçən şəxslərin bir qismi qanunvericilikdə nəzərdə tutulan müddətdən xeyli artıq – 2,5, hətta 5 ilədək hərbi xidmətdə qalıb.
Bəs həmin şəxslərin uzunmüddətli hərbi xidmətinin dövlət tərəfindən xüsusi şəkildə qiymətləndirilməsi, onlara medal və ya fərqləndirmə nişanlarının təqdim edilməsi, eləcə də əlavə xidmət etdikləri illərə görə kompensasiya verilməsi üçün mexanizm yaradıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Silahlı Qüvvələrin şəxsi heyəti müxtəlif müddətlərdə hərbi xidmət keçib.
Ekspertin sözlərinə görə, həmin dövrdə bəzi çağırışçılar və müqavilə əsasında xidmət edən hərbçilər normalda bir və ya bir il yarım xidmət etməli olduqları halda, 2, 2,5, 3, hətta 4 il müddətində hərbi xidmətdə qalıblar.
“Bu məsələni dəfələrlə səsləndirmişik. Təəssüflər olsun ki, bu günə qədər məsələyə ciddi reaksiya verilməyib. Hesab edirəm ki, Azərbaycanın ən çətin dönəmində Vətənin müdafiəsi və düşməndən qorunması üçün gənclərimiz, hərbçilərimiz əllərindən gələni ediblər. Dövlət də ən azı həmin şəxslərin fərqləndirilməsi, xidmətlərinin və əməyinin qiymətləndirilməsi istiqamətində müəyyən addımlar atmalıdır”, – deyə o bildirib.
Üzeyir Cəfərov hesab edir ki, həmin dövrdə xidmət edən şəxslərin əməyinin qiymətləndirilməsi üçün xüsusi mexanizm hazırlanmalıdır. Onun fikrincə, bu, xatirə medalı, fərqləndirmə nişanı və ya digər formada həyata keçirilə bilər.
“Düşünürəm ki, həmin dövr ən çətin dönəmlərdən biri olub. Hansısa xatirə medalı, fərqləndirmə nişanı verilə bilər. Bu məsələ bu gün də müzakirə olunur. Biz xidmət etmişik və hesab edirəm ki, bu məsələyə son qoymaq üçün konkret addımlar atılmalıdır”, – ekspert vurğulayıb.
Ekspert yalnız 1990-cı illərdə xidmət edən şəxslərin deyil, Azərbaycanın sonrakı hərbi əməliyyatlarında iştirak etmiş bəzi hərbçilərin də xidmətlərinin tam qiymətləndirilmədiyini bildirib.
“Biz 1990-cı illərdən danışırıq. Amma yaxın tariximizdə 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Vətən müharibəsində iştirak edən minlərlə, bir neçə min döyüşçümüz də layiq olduğu qiyməti almayıb. Bu baxımdan hesab edirəm ki, bununla bağlı ayrıca mexanizm düşünülməlidir. İnsanların özlərindən sonra ailə üzvlərinin ən azı qürur duya biləcəkləri bir ünvan, bir qiymətləndirmə olmalıdır”, – deyə Üzeyir Cəfərov qeyd edib.
Hərbi ekspert müharibə iştirakçısı statusunun müəyyənləşdirilməsi ilə bağlı mövcud yanaşmanı da tənqid edib. Onun sözlərinə görə, hərbi əməliyyatlarda iştirak edən şəxsin mütləq yaralanması onun müharibə iştirakçısı hesab edilməsi üçün əsas şərt olmamalıdır.
“Biz indi 1941–1945-ci illər müharibəsinin iştirakçılarına və arxa cəbhədə fəaliyyət göstərmiş insanlara qiymət veririk. Amma nədən öz doğma torpağımız uğrunda savaşda iştirak edən, yaralanan və ya yaralanmayan şəxslərin xidmətinə eyni yanaşılmamalıdır? Necə olur ki, Nazirlər Kabinetinin absurd tələbi var ki, 2016-cı il döyüşlərində mütləq yaralanmayıbsa, o, müharibə iştirakçısı deyil, yaralanıbsa, müharibə iştirakçısıdır? Bu, qətiyyən yol verilməzdir”, – deyə ekspert bildirib.
Cəfərovun sözlərinə görə, döyüşdə iştirak edən şəxsin yaralanıb-yaralanmamasından asılı olmayaraq onun müharibə iştirakçısı kimi xidmətinin tanınması vacibdir.
“Müharibədə iştirak etmişəm, amma yaralanmamışam, ölməmişəm – bu o demək deyil ki, mən müharibədə iştirak etməmişəm. Onlar gizir və çavuşlarla bərabər güllə yağışı altında olublar”, – deyə o əlavə edib.
Ekspert 1990-cı illərdə xidmət edən şəxslərin də Azərbaycanın ən ağır dönəmlərindən birində heç nə düşünmədən düşmənə və onun havadarlarına qarşı mübarizə apardığını vurğulayıb.
“1990-cı illərdə xidmət keçənlər də heç nə düşünmədən düşmənə və onun havadarlarına qarşı əllərindən gələni ediblər. Ona görə də bu şəxslərin xidmətlərinin qiymətləndirilməsi üçün mexanizm mütləq yaradılmalıdır. Bunun üçün əlaqədar qurumlar və qanunvericilik orqanı birgə işləyərək bu məsələni sona çatdırmalıdır”, – deyə Üzeyir Cəfərov əlavə edib.





















