Bir ölkənin səhiyyə sisteminin gücü yalnız xəstəxanalarının sayı, tibbi avadanlıqlarının müasirliyi və göstərilən xidmətlərin həcmi ilə ölçülmür. Səhiyyənin real gücünü müəyyən edən əsas amillərdən biri bu sistemin ən böyük resursu olan tibb işçisinə münasibətdir. Həkimin əməyinin necə qiymətləndirilməsi, onun sosial rifahının və peşəkar motivasiyasının hansı səviyyədə təmin olunması əslində dövlətin səhiyyə siyasətinin mahiyyətini göstərən əsas indikatorlardan biridir.
Bu baxımdan TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qərarı yalnız növbəti maaş artımı kimi təqdim etmək məsələnin mahiyyətini daraltmış olar. Burada daha geniş və strateji yanaşma var: dövlət səhiyyənin inkişafını yalnız infrastruktur və texnologiya ilə deyil, insan kapitalının gücləndirilməsi ilə də təmin edir.
Azərbaycan dövlətinin sosial siyasətində vətəndaşların rifahının yüksəldilməsi ilə yanaşı, müxtəlif sahələrdə çalışan insanların əməyinin layiqincə qiymətləndirilməsi mühüm istiqamətlərdən biridir. Səhiyyə işçilərinə münasibətdə bu yanaşmanın xüsusi əhəmiyyəti var. Çünki həkim və digər tibb işçiləri hər gün insan həyatı və sağlamlığı kimi ən yüksək dəyərlərlə bağlı məsuliyyət daşıyırlar.
Məhz bu reallıq fonunda Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüs mühüm sosial məna daşıyır. Prezident İlham Əliyevin bu təşəbbüsü müsbət qarşılaması və onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi isə məsələnin dövlət səviyyəsində diqqətdə saxlanıldığını göstərir.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, söhbət sadəcə əməkhaqqının artırılmasından getmir. Söhbət səhiyyə sisteminin gələcəyinə təsir edə biləcək kadr siyasətindən gedir.
Yeni əməkhaqqı qaydalarının 2026-cı il sentyabrın 1-dən tətbiq olunması və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə etməsi islahatın miqyasını göstərir. İllik əməkhaqqı fondunun 189 milyon manat artırılması isə dövlətin bu istiqamətdə əlavə maliyyə resurslarını səfərbər etdiyini nümayiş etdirir.
Lakin bu qərarın əsl əhəmiyyəti yalnız 189 milyon manatlıq əlavə maliyyələşmədə və ya əhatə olunan tibb işçilərinin sayında deyil. Əsas məsələ yeni mexanizmin səhiyyənin real ehtiyaclarına uyğun qurulmasıdır.
Əməkhaqqı artımlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılması bunu göstərir. Yəni yeni yanaşma həm tibb işçisinin əməyini daha düzgün qiymətləndirməyə, həm də səhiyyə sisteminin kadr ehtiyaclarını daha məqsədli şəkildə qarşılamağa hesablanıb.
Xüsusilə regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına yönəlmiş stimullar bu siyasətin strateji tərəfini ortaya qoyur. Regionlarda çatışmayan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi və müəyyən xidmətlər üzrə nəticəyə əsaslanan əlavə ödənişlərə 1,3 əmsalının verilməsi həkimlərin regionlarda fəaliyyətə marağını artırmağa hesablanıb.
Bu isə artıq yalnız sosial siyasət məsələsi deyil. Bu, həm də regional səhiyyə siyasətidir.
Çünki vətəndaşın keyfiyyətli tibbi xidmətə çıxışı onun hansı şəhərdə və ya rayonda yaşamasından asılı olmamalıdır. Bunun üçün isə regionlarda yalnız xəstəxana və tibb müəssisələrinin olması kifayət etmir. Orada ixtisaslı həkim də olmalıdır. Deməli, kadrın regiona cəlb edilməsi və orada saxlanılması səhiyyənin əlçatanlığı ilə birbaşa bağlı məsələdir.
Yeni əməkhaqqı mexanizminin ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və kadr çatışmazlığı olan dar ixtisaslara xüsusi diqqət ayırması da bu baxımdan təsadüfi deyil. Səhiyyənin dayanıqlılığı məhz bu sahələrdə çalışan mütəxəssislərin peşəkarlığından və motivasiyasından ciddi şəkildə asılıdır.
Bu qərarı son illərdə həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirmək də vacibdir. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə əməkhaqlarının artırılması, 2025-ci ildə minimum əməkhaqqının yüksəldilməsi ilə əlaqədar növbəti artımların həyata keçirilməsi və Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərində çalışanların tarif maaşlarına 1,5–3 dəfə artım əmsallarının tətbiqi göstərir ki, tibb işçilərinin sosial rifahının gücləndirilməsi birdəfəlik qərarla məhdudlaşan proses deyil.
Yeni islahat bu ardıcıl siyasətin növbəti mərhələsidir.
Məncə, bu prosesə ən doğru qiymət də məhz buradan verilməlidir: tibb işçisinə qayğı yalnız onun sosial rifahına deyil, səhiyyənin keyfiyyətinə qoyulan investisiyadır.
Çünki səhiyyə sistemində ən bahalı və ən qiymətli resurs tibbi avadanlıq deyil, insan kapitalıdır. Müasir texnologiyanı tətbiq edən, mürəkkəb əməliyyatı həyata keçirən, təcili müdaxilə göstərən, xəstəni dinləyən və düzgün qərar verən məhz tibb işçisidir.
Bu səbəbdən həkimin əməyinin daha yüksək qiymətləndirilməsi Azərbaycan səhiyyəsinin gələcəyinə verilən dəyər kimi qəbul edilməlidir.
Və bu baxımdan yeni əməkhaqqı islahatının əsas nəticəsi yalnız tibb işçisinin gəlirinin artması deyil. Əsas nəticə daha güclü insan kapitalının formalaşdırılması, səhiyyə peşəsinin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və nəticədə vətəndaşa göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.
Dövlətin həkimə qayğısı, əslində, insan sağlamlığına və cəmiyyətin gələcəyinə qayğıdır.
Fərid Şahbazlı
“Editor.az” saytının baş redaktoru





















