image-1backend

Qonşunun səhvi sizə baha başa gələ bilər: Hansı halda zərəri siz ödəyirsiniz?

image-ads-728x90
Su sızması və ya qonşunun ehtiyatsızlığı nəticəsində evin su basması həm çoxmənzilli binalarda, həm də həyət evlərində ciddi maddi zərərə səbəb ola bilər. Belə hallarda zərərin kimin məsuliyyətində olduğu, hadisənin necə sənədləşdirilməsi və dəymiş zərərin hansı qaydada tələb edilə biləcəyi zərərçəkən şəxslər tərəfindən əsas mövzulardan biridir. 

Qonşunun səhvi nəticəsində evə dəyən zərəri necə sübut etmək olar və zərərin ödənilməsi üçün hansı hüquqi addımlar atılmalıdır?

Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, qonşuluq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir:

“Maddəyə əsasən, ikitərəfli təsirlərin yarana biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı hesab olunur. Qanunvericiliyə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar. Hər kəs öz mülkiyyət hüququnu həyata keçirərkən qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Xüsusilə işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və titrəyişlərin, torpaq sahələrinin yerləşmə və xarakteristikasına görə yolverilməz təsirləri qadağandır. Bundan əlavə, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız qəbul etməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, aşağıdakı mülkiyyətçi yuxarıdakı mülkiyyətçidən öz hesabına aşağı torpaq sahəsindən nov çəkilməsini tələb edə bilər”.

Səməd Vəkilov qeyd edib ki, eyni zamanda, bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirməklə və ya onları qarışdırmaqla başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir:

“Mülki Məcəllənin 21-ci maddəsində isə dəymiş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulur. Təbii ki, belə məsələlər qonşular arasında qarşılıqlı razılaşma yolu ilə, məhkəmədən kənar da həll edilə bilər. Lakin tərəflər arasında razılıq əldə olunmadıqda, məsələ məhkəmə qaydasında həll edilə bilər. Zərər çəkdiyini iddia edən tərəf mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş zərərin müəyyən edilməsini və əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə təcrübəsinə əsasən deyə bilərəm ki, belə hallarda məsələnin ekspertiza yolu ilə müəyyən edilməsi, bir qayda olaraq, mühüm əhəmiyyət daşıyır. Məhkəmə müvafiq ekspertiza təyin etməklə suyun haradan sızdığını, sızmanın səbəbini və nəticədə hansı zərərin yarandığını müəyyən edə bilər. Bununla yanaşı, yalnız maddi zərər deyil, əldən çıxmış fayda və müəyyən hallarda mənəvi zərər də qanunvericilikdə nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilə bilər”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki