ABŞ Prezidenti Donald Tramp İran müxalifətinə ölkə hakimiyyətinə qarşı mübarizədə istifadə etmək üçün silah verilib-verilməyəcəyi ilə bağlı suala konkret cavab verməyib.
Korrekt.az xəbər verir ki, Associated Press-in məlumatına görə, Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən ABŞ administrasiyasının İrandakı müxalif qüvvələrə silah tədarük etməyə hazır olub-olmadığını açıqlamaqdan yayınıb.
Bu açıqlamadan əvvəl ABŞ və İran arasında növbəti qarşılıqlı zərbələr baş verib. Tramp isə sosial media hesabında iranlıları hakimiyyətə qarşı ayağa qalxmağa çağırıb.
“İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?” – deyə ABŞ prezidenti yazıb.
Ertəsi gün jurnalistlər Trampdan ABŞ-ın İran müxalifətini “teokratik rejimi devirmək cəhdi” çərçivəsində silahlandırmağa hazır olub-olmadığını soruşublar.
Tramp suala birbaşa cavab verməyib.
“Bu barədə sizə danışmaqdan məmnun olardım, amma bu barədə danışmaq yöndəmsiz olardı”, – deyə o bildirib.
ABŞ prezidenti əlavə edib: “Amma onların vəziyyətini başa düşürəm. Onlara atəş açılır”.
Trampın açıqlaması Vaşinqtonun İran daxilindəki müxalif qüvvələrə mümkün dəstəyinin mahiyyəti ilə bağlı qeyri-müəyyənliyi artırıb. ABŞ administrasiyasının bu məsələdə konkret mövqeyi isə hələlik açıqlanmayıb.





















