Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli üçün ölkəsinin bütün imkanlarını səfərbər etməyə hazır olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, Ərdoğan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş zamanı bu məsələni müzakirə etdiyini deyib.
Türkiyə lideri Qırğızıstandan qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında Ankaranın regiondakı münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.
“Biz də, cənab Putin də Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez sülh yolu ilə başa çatmasını istəyirik. Rusiya ilə Ukrayna arasında sülh prosesinin mümkün qədər tez başlamasını və sülhün bərqərar olmasını arzulayırıq”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Vladimir Putin də münaqişənin davam etməsindən məmnun deyil.
“Putin bundan məmnundurmu? Xeyr. O da hər şeyin mümkün qədər tez sülh yolu ilə başa çatmasını istəyir. Biz cənab Putinə sülh naminə mümkün olan hər şeyi etməyə hazır olduğumuzu açıq şəkildə bildirdik. Bu məqsədə çatmaq üçün bütün səylərimizi göstərməyə hazırıq”, – Türkiyə Prezidenti qeyd edib.





















