İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkianın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı doğum günü təbriki diqqət çəkən mesajlarla yadda qalıb.
Korrekt.az xəbər verir ki, “Azad İran” tərəfindən yayımlanan məqalədə məktubun adi doğum günü təbrikindən daha geniş məna daşıdığı qeyd olunur.
Məqalədə xüsusilə Zəhra Pezeşkianın özünün Azərbaycan türkü olması və məktubda “Əziz və mehriban bacım”, “dostluq və qardaşlıq”, “ortaq irs” və “Azərbaycan dost və qardaşdır” kimi ifadələrdən istifadə etməsi diqqətə çatdırılır.
Yazıda vurğulanır ki, məktubun əsas məqamlarından biri Azərbaycan ilə İran arasındakı münasibətlərin qohumluq, qardaşlıq və ortaq irs anlayışları üzərindən təsvir edilməsidir.
Müəllifin fikrincə, bu yanaşma Araz çayının hər iki tərəfində yaşayan azərbaycanlılar arasında mövcud olan tarixi və mədəni bağların ifadəsi kimi qiymətləndirilə bilər.
Məqalədə qeyd olunur ki, “Azərbaycan sadəcə xəritədəki siyasi ad deyil”. Bu anlayışın Arazın hər iki sahilində formalaşmış tarixi, mədəni və dil kimliyini də əhatə etdiyi bildirilir.
Müəllif hesab edir ki, siyasi sərhədlər dövlətləri bir-birindən ayıra bilər, lakin dil, mədəniyyət, tarix və ortaq mənsubiyyət hissini aradan qaldıra bilməz.
Yazıda eyni zamanda vurğulanır ki, belə bir yaxınlaşma siyasi sərhədlərin inkarı və ya hərbi qarşıdurma anlamına gəlmir. Əksinə, prosesin mədəni, iqtisadi, sosial və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində inkişaf etdirilə biləcəyi qeyd olunur.
“Araz siyasi sərhəd ola bilər, ancaq kimlik sərhədi deyil”, – deyə məqalədə vurğulanır.
Məqalənin sonunda Zəhra Pezeşkianın məktubu bugünkü siyasi bölünmələrə baxmayaraq, Azərbaycan xalqının tarixi yaddaşında və kimliyində ortaq irs anlayışının mövcudluğunu xatırladan mesaj kimi dəyərləndirilir.





















