image-1backend

ABŞ-ın uzunmənzilli raket ehtiyatları azalır: Tayvan narahatdır  

image-ads-728x90

ABŞ-ın Yaxın Şərqdə davam edən münaqişələrdə uzunmənzilli raketlərdən intensiv istifadə etməsi strateji ehtiyatların azalması ilə bağlı narahatlıqları artırıb. Xüsusilə Tayvan rəsmiləri bu vəziyyətin potensial Çinlə münaqişə zamanı müdafiə imkanlarına mənfi təsir göstərə biləcəyini bildirirlər.

Korrekt.az xəbər verir ki, ABŞ son əməliyyatlar zamanı yüzlərlə JASSM (Birgə Hava-Səth Dəqiq Sursatı) və “Tomahawk” tipli qanadlı raketlərdən istifadə edib. Müdafiə mütəxəssisləri qeyd edirlər ki, bu silahlar mümkün münaqişə şəraitində, xüsusilə Tayvanın müdafiəsində mühüm rol oynayır, çünki onlar düşmənin hava hücumundan müdafiə sistemlərinin təsir zonasından kənarda hədəfləri vurmaq imkanına malikdir.

Tayvanın yüksək vəzifəli müdafiə rəsmilərindən biri bildirib ki, ABŞ-ın digər bölgələrdə sursatdan geniş istifadə etməsi, Tayvana qarşı mümkün hücumun qarşısını almaq üçün lazım olan ehtiyatları azaldır və çəkindirmə qabiliyyətini zəiflədir. Milli təhlükəsizlik sahəsində çalışan digər rəsmilər də Vaşinqtonun resurslarını müxtəlif cəbhələr arasında bölməsinin strateji tarazlığı poza biləcəyini vurğulayıblar.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına əsasən, ABŞ ordusu İranla mümkün münaqişənin ilk altı günü ərzində 786 JASSM və 319 “Tomahawk” raketi istifadə edə bilər. Bu göstəricilər həmin silahların bir neçə il ərzində istehsal həcminə bərabərdir.

Ekspertlər bildirirlər ki, JASSM və “Tomahawk” kimi uzunmənzilli raketlər Çinlə potensial qarşıdurmada həlledici əhəmiyyət daşıyır. Bu silahlar düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanma riskini minimuma endirərək sahil hərbi bazalarını və dəniz qüvvələrini hədəf almağa imkan verir.

2023-cü ildə aparılan müharibə simulyasiyaları göstərib ki, ABŞ Çinlə mümkün qarşıdurma zamanı bu tip raket ehtiyatlarını bir neçə həftə ərzində tükədə bilər. Rəsmi məlumatlar açıqlanmasa da, büdcə sənədlərinə görə, ABŞ 2023-cü ilə qədər təxminən 5500 JASSM raketi əldə edib.

Bununla yanaşı, istehsalçı şirkət “Lockheed Martin” tərəfindən tədarüklərin təxminən üç il gecikdiyi bildirilir ki, bu da ehtiyatların bərpasını çətinləşdirir.

ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Samuel Paparo daha əvvəl xəbərdarlıq edərək bildirib ki, digər regionlarda sursat ehtiyatlarının azalması bölgədə hazırlıq səviyyəsinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, Çin ABŞ üçün ən ciddi potensial rəqib olaraq qalır və Hind-Sakit Okean regionu həm miqyas, həm də hərbi imkanlar baxımından ən mürəkkəb əməliyyat teatrıdır.

Analitiklər hesab edirlər ki, mövcud münaqişələrdə riskləri azaltmaq üçün müasir və uzunmənzilli silahlara üstünlük verilməsi, gələcəkdə daha genişmiqyaslı müharibə ehtimalı fonunda strateji imkanların zəifləməsinə səbəb ola bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki