ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyat dalğasının başladığını açıqlayıb.
CENTCOM-un yaydığı məlumata görə, ABŞ-nin Şərq vaxtı ilə saat 15:00-dan etibarən Amerika qüvvələri İrana qarşı yeni zərbələr endirməyə başlayıb. Bildirilir ki, əməliyyatın əsas məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücum imkanlarını daha da zəiflətməkdir.
Məlumata əsasən, hücumlar ABŞ qüvvələrinin İran limanları və sahilyanı bölgələrinə qarşı dəniz blokadasını bərpa etməyə hazırlaşdığı bir dövrdə həyata keçirilir.
Eyni zamanda, Hormozqan vilayətinin rəhbərliyi ABŞ mərmilərinin Bəndər-Abbas şəhəri yaxınlığındakı bir əraziyə düşdüyünü təsdiqləyib. Hadisə nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Yerli mənbələrin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri Sistan və Bəluçistan əyalətinin Bəmpur şəhəri ərazisində də aviazərbələri davam etdirir. Bildirilir ki, İran Ordusunun Quru Qoşunlarının 388-ci Mexanikləşdirilmiş Piyada Briqadasının yerləşdiyi ərazi yaxınlığında daha üç güclü partlayış baş verib. Həmçinin, döyüş təyyarələrinin bölgə üzərində aşağı hündürlükdə uçuşlarını davam etdirdiyi qeyd olunur.
Hadisələrlə bağlı İran və ABŞ tərəfindən əlavə rəsmi açıqlamaların veriləcəyi gözlənilir.





















