Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin təsdiqinə dair qanun layihəsini qəbul edib.
Korrekt.az xəbər verir ki, qanun layihəsi parlamentdə keçirilən müzakirələrdən sonra hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) səsləri ilə qəbul olunub.
Saziş üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini, hərbi sənaye və texnologiya sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Razılaşmaya əsasən, tərəflər arasında müdafiə sənayesi sahəsində texnologiya mübadiləsi, birgə tədqiqat və inkişaf layihələri, eləcə də hərbi məhsulların birgə istehsalı təşviq ediləcək.
Bundan əlavə, hərbi kadrların hazırlanması, təcrübə mübadiləsi, birgə təlim proqramları və hərbi təlimlərin təşkili nəzərdə tutulur.
Saziş çərçivəsində üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması da hədəflənir.
Saziş terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsini də əhatə edir.
Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri üzrə müntəzəm məsləhətləşmələr aparacaq, milli təhlükəsizlik maraqlarının qorunması istiqamətində birgə qiymətləndirmələr həyata keçirəcəklər.
Həmçinin təhlükəsizlik və məxfilik prinsiplərinə riayət olunmaqla, qarşılıqlı razılaşdırılmış kanallar vasitəsilə kəşfiyyat məlumatlarının mübadiləsi həyata keçiriləcək.
Razılaşmada diqqətçəkən məqamlardan biri də logistik dəstəklə bağlıdır. Sənədə əsasən, sülh dövründə, müharibə və digər fövqəladə vəziyyətlərdə tərəflər bir-birinə silah, sursat, yanacaq, ehtiyat hissələri və digər hərbi təchizat vasitələri ilə dəstək göstərə biləcəklər.
Sazişin icrasına nəzarət etmək və müdafiə sahəsində əməkdaşlığa strateji istiqamət vermək məqsədilə Strateji Siyasi və Müdafiə Komitəsi yaradılacaq.
Komitənin tərkibinə üç ölkənin xarici işlər nazirləri, müdafiə nazirləri və baş qərargah rəisləri daxil olacaq. Komitənin ildə iki dəfə toplanması nəzərdə tutulur.
Səudiyyə Ərəbistanında komitənin fəaliyyətini təmin etmək üçün katiblik yaradılacaq. Katibliyə üç il müddətinə rotasiya prinsipi ilə təyin olunan baş katib rəhbərlik edəcək. İlk baş katib Pakistan vətəndaşı olacaq.
Sənədə əsasən, digər ölkələrin də bu sazişə qoşulması tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən ediləcək.
Müqavilə sonuncu ratifikasiya sənədinin komitə katibliyinə təqdim edildiyi tarixdən qüvvəyə minəcək.
Saziş qeyri-müəyyən müddətə nəzərdə tutulsa da, tərəflər onun qüvvəyə minməsindən 10 il sonra, ən azı üç ay əvvəl diplomatik kanallarla yazılı bildiriş göndərməklə razılaşmadan çıxa biləcəklər.
Müqavilənin ləğvi və ya tərəflərdən birinin sazişdən çıxması əvvəlcədən razılaşdırılmış və icrası davam edən layihələrə təsir göstərməyəcək. Məxfi məlumatların və sənədlərin qorunması ilə bağlı öhdəliklər isə sazişin ləğvindən sonra da qüvvədə qalacaq.
Qeyd edək ki, qanun layihəsinin qəbulundan sonra TBMM sədrinin müavini Cəlal Adan parlamentin iclasını təxirə salıb. Növbəti iclasın noyabrın 10-da keçirilməsi nəzərdə tutulur.





















