ABŞ İsveçrə üçün nəzərdə tutulan “Patriot” hava hücumundan müdafiə sistemlərinin qiymətini əhəmiyyətli dərəcədə artırıb və onların tədarükünü təxirə salıb.
Korrekt.az xəbər verir ki, İsveçrənin “Tages-Anzeiger” nəşrinin məlumatına görə, 2021-ci ildə bağlanmış müqavilə çərçivəsində ölkə beş “Patriot” raket batareyasını 2,3 milyard İsveçrə frankına (təxminən 2,5 milyard dollar) sifariş etmişdi. Lakin son qiymətləndirmələrə əsasən, bu məbləğ 4,6 milyard franka (təxminən 5,9 milyard dollar) qədər arta bilər. Beləliklə, sistemlərin dəyəri faktiki olaraq iki dəfəyə yaxın yüksəlib.
Bununla yanaşı, tədarük müddətləri də ciddi şəkildə gecikir. ABŞ tərəfi 2025-ci ildə rəsmi olaraq bildirib ki, sistemləri əvvəlcədən planlaşdırıldığı kimi 2026–2028-ci illərdə təhvil verə bilməyəcək. Yeni hesablamalara görə, gecikmə ən azı beş il davam edə bilər.
Yaranmış vəziyyət fonunda İsveçrə hökuməti artıq ödənilmiş 650 milyon frank avansın başqa müdafiə layihəsinə – “F-35 Lightning II” qırıcı təyyarələrinin alınmasına yönəldilməsini təklif edib.
Ekspertlərin fikrincə, qiymət artımı və gecikmələrin əsas səbəbləri arasında ABŞ-ın “Patriot” raket ehtiyatlarının azalması və Vaşinqtonun dəyişən xarici siyasət prioritetləri yer alır.
Hazırda İsveçrə Müdafiə Nazirliyi müqavilənin gələcəyini yenidən nəzərdən keçirir. Alternativ variant kimi Fransa, Almaniya, İsrail və Cənubi Koreya şirkətlərindən hava hücumundan müdafiə sistemləri üzrə təkliflər toplanır.
Mütəxəssislər qeyd edirlər ki, bu tip silah alışları hökumətlərarası sazişlər əsasında həyata keçirildiyi üçün İsveçrənin müqavilənin pozulmasına görə ABŞ-a qarşı cəza tədbirləri tətbiq etməsi çətin görünür.
Qeyd edək ki, oxşar problemlər digər NATO ölkələrində də müşahidə olunur. Məsələn, İspaniya da ABŞ-dan sifariş etdiyi “Patriot” sistemlərinin tədarükü ilə bağlı çətinliklərlə üzləşə bilər. Hazırda ölkənin üç belə batareyası mövcuddur və onlardan biri NATO missiyası çərçivəsində Türkiyədə yerləşdirilib.





















