ABŞ-ın Bağdaddakı səfirliyi ölkə vətəndaşlarına İraqa səfər etməmək və hazırda bu ölkədə olan şəxslərin isə mümkün qədər tez İraqı tərk etmələri barədə xəbərdarlıq edib.
Korrekt.az xəbər verir ki, səfirliyin yaydığı açıqlamada qeyd olunub ki, son regional hadisələr və bölgədə artan təhlükəsizlik riskləri səbəbindən ABŞ vətəndaşlarının yüksək ehtiyat tədbirləri görməsi vacibdir.
Diplomatik nümayəndəlik vətəndaşlara yerli xəbər mənbələrini və rəsmi məlumatları mütəmadi izləməyi, təhlükəsizlik vəziyyətində baş verə biləcək dəyişikliklərə qarşı hazırlıqlı olmağı tövsiyə edib.
Açıqlamada həmçinin bildirilib ki, hava məkanının əvvəlcədən xəbərdarlıq edilmədən bağlanması, uçuşların ləğv olunması və nəqliyyat əlaqələrində fasilələrin yaranması ehtimalı mövcuddur. Bu səbəbdən ABŞ vətəndaşlarına İraqa səyahət etməmək tövsiyə olunub.
Səfirlik hazırda İraqda olan ABŞ vətəndaşlarını isə təhlükəsizlik vəziyyətini nəzərə alaraq ölkəni ən qısa zamanda tərk etməyə çağırıb.
Xəbərdarlıq bölgədə davam edən gərginlik və təhlükəsizlik risklərinin artdığı bir dövrdə edilib.





















