Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına dair Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan toplantıda RİH başçısı Seymur Orucov, rayonun kənd təsərrüfatı sahəsinin məsul vəzifəli şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Məhz bu baxımdan ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsini təmin edən kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı məqsədi ilə möhtərəm Prezidentimiz müvafiq proqramı təsdiq etmişdir. Təsdiq edilmiş bu Dövlət Proqramı önümüzdəki 5 il ərzində kənd təsərrüfatı və aqrar sektorda köklü keyfiyyət dəyişikliklərinə yol açacaqdır. Burada əsas hədəf təkcə istehsalı artırmaq deyil, həm də yerli xammal əsasında rəqabətqabiliyyətli emal sənayesini qurmaq və ixrac potensialımızı maksimuma çatdırmaqdır. Proqramın uğurlu icrası nəticəsində ölkəmizdə minlərlə yeni iş yerləri yaranacaq, idxaldan asılılıq azalacaq və ixrac imkanları genişlənəcəkdir. Təbii ki, regionlarda iqtisadi fəallığın artırılması və yerlərdə məşğulluğun genişləndirilməsi baxımından da mühüm strateji əhəmiyyət kəsb edir.
Toplantıda Dövlət Prqramının Ağstafa rayonunda icrası ilə bağlı görülmüş işlər geniş müzakirə olunub, qarşıya qoyulmuş vəzifələr, məqsəd və hədəflər diqqətə çatdırılıb, aidiyyəti üzrə məsul şxslərə müvafiq tövsiyələr və tapşırıqlar verilib. Qeyd olunub ki, aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiya sahələrinin inkişaf etdirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Dövlət Proqramının icrasından irəli gələn vəzifələrlə bağlı yerlərdə ciddi və operativ işlər aparılmalı, aidiyyəti strukturlarla tam koordinasiyalı şəkildə fəaliyyət göstərilməlidir.






























