Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley gecəsində RİH başçısı Seymur Orucov, şairin yaxınları, sənət dostları, rayonun məsul şəxsləri və ictimaiyyət nümayədələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Sonra yubilyarın həyat və yaradıcılığından bəhs edən videoreportaja tamaşa olunub.
Tədbiri giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov açaraq qeyd edib ki, bu gün müasir Azərbaycan poeziyasının tanınmış nümyəndəsi, hər zaman sözü ilə əməli bir olan ustad sənətkar Barat Vüsalın ömür və sənət yoluna bir daha nəzər salmaq məqsədi ilə onun 75 illik yubileyinə yığışmışıq. Yaradıcılığına nəzər saldıqda aydın görünür ki, Barat Vüsalın canı, qanı və qayəsi Vətəndir, millətdir, torpaqdır. Barat müəllim həm də böyük bir ictimai xadim və təşkilatçıdır. Təsadüfi deyil ki, onun bu gərgin və şərəfli əməyi dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilib. Onun “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməsi onun yaradıcılığına verilən ali qiymətin bariz nümunəsidir.
Digər çıxış edənlər, şəhid bacısı, şairə, Hicranə Əhmədova, ağstafalı mədəniyyət nümayəndəsi Oruc Mansurlu, AYB Qazax bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, “Hüseyn Arif ədəbi məclisi”nin sədri, şair Saqif Qaratorpaq, Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Məsud, ağstafalı şairlər, Rüfət Axundlu, Telman Qəhrəmanlı və digərləri ustad şairin yaradıcılığından söz açıb, şeirlərini səsləndiriblər. Qeyd olunub ki, 1951-ci ildə sazın-sözün beşiyi olan Qazax rayonunun Kosalar kəndində doğulan şair, elə ilk gənclik illərindən poetik təfəkkürü ilə fərqlənmişdir. O, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinə uğurla rəhbərlik edir, hər zaman gənc istedadlara dəstəyini əsirgəmir, milli aşıq sənətimizin qorunması və təbliği naminə əvəzsiz xidmətlər göstərir. Gecədə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları da böyük rəğbətlə qarşılanıb.
Yubiley tədbirinin yekununda çxış edən Barat Vüsal bildirib ki, bu gün ölkəmizdə xalqımızın milli kimliyini, tarixini və mənəvi dünyasını yaşadan mədəniyyət və incəsənət xadimlərinə göstərilən yüksək dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla və böyük fədakarlıqla davam etdirilir. O, yubiley gecəsinin təşkili və sənətinə verilən yüksək qiymət üçün dərin minnətdarlığını bildirib.





















