Bu il Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 57-ci ili tamam olur. Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu, ölkəmizin tərəqqi yolunun başlandığı 14 iyul 1969-cu il tarixinin növbəti ildönümü ilə bağlı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Ağstafa Aqrar Sənaye Kompleksi”nin Mədəniyyət mərkəzində “Məşəl Kimi Yanan Ürək” adlı ədəbi-musiqili bayram tədbiri təşkil olunub.
Əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xalqımızın xilaskarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Əməkdar artist, Azərbaycan Televiziyasının aparıcısı Elnur Kərimovun aparıcılığı ilə keçən tədbirin rəsmi hissəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elnur Sadıqov çıxış edib, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Ulu Öndərlə bağlı dəyərli xatirələrini bölüşüb. Qeyd olunub ki, tariximizə qızıl hərflərlə əbədi həkk olunan 1969-cu ilin 14 iyul tarixi müasir Azərbaycan dövlətçiliyinin, milli özünüdərkin və bu gün hər bir azərbaycanlının qürurla yaşadığı böyük intibahın bünövrə günü hesab olunur.
Tədbirdə, o cümlədən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul şəxsləri və İdarə Heyətinin üzvləri, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Rəcəb Öztop, Bayraktar Texnologiya Azərbaycan ölkə direktoru Ahmed Köse və digər rəsmi qonaqlar, rayonun məsul şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin bədii hissəsində Qarabağ Sinfonik Orkestrinin, Xalq artisti Samir Cəfərovun, Əməkdar artist, Prezident təqaüdçüsü Amil Həsənoğlunun, Azərbaycan Dövlət Kamera Orkestrinin rəhbəri, Əməkdar artist, pianoçu Nərgiz Əliyevanın, akardeon ustası Seymur Həsənsoyun təqdimatında Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Arif Məlikov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu kimi dahi bəstəkarların əsərləri, eləcə də xalq mahnılarımız ifa olunub.
Sonda solistlər “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” və “Azərbaycan” əsərlərini birgə ifa ediblər.
Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsindən sonra atəşfəşanlıqla yekunlaşan tədbir tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.





























