image-5aa8dbed-835b-42fa-a5a8-976a1102b6f3backend

Albaniyanın milli qəhrəmanı Skanderbeq: Osmanlıya qarşı mübarizə aparan sərkərdə

image-ads-728x90

Albaniyanın paytaxtı Tirana şəhərində ucaldılmış heykəl ölkənin milli qəhrəmanı sayılan Gjergj Kastrioti Skanderbeqə məxsusdur. Tarixdə Skanderbeq adı ilə tanınan bu sərkərdə XV əsrdə Osmanlı imperiyasına qarşı uzunmüddətli mübarizə aparması ilə yadda qalıb.

Skanderbeqin əsl adı Gjergj Kastrioti idi. O, alban feodalı Gjon Kastriotinin oğlu idi və təxminən 1405-ci ildə anadan olub. Atasının Osmanlı dövlətinə sədaqətinin təminatı kimi gənc yaşlarında Osmanlı sarayına girov verilmişdi. Burada müsəlman kimi tərbiyə olunaraq “iç oğlan” kimi yetişdirildi və ona İskəndər adı verildi.

Yetkinlik yaşına çatdıqdan sonra Skanderbeq Yeniçəri korpusunda xidmət etdi və hərbi yürüşlərdə göstərdiyi şücaətə görə timarla mükafatlandırıldı. O, sonradan indiki Şimali Makedoniya ərazisində yerləşən Debre vilayətinin sancaqbəyi vəzifəsinə qədər yüksəldi.

1443-cü il noyabrın 3-də macar sərkərdəsi Yanoş Hunyadinin rəhbərlik etdiyi xristian qoşunları Niş yaxınlığında Osmanlı ordusunu ağır məğlubiyyətə uğratdı. Bu hadisədən sonra Skanderbeq tərəfini dəyişərək Osmanlı dövlətinə qarşı üsyan qaldırdı.

O, təxminən 300 atlı ilə Albaniyaya qayıdaraq hiylə yolu ilə Kruya qalasını ələ keçirdi və yenidən xristianlığı qəbul etdiyini elan etdi. Həmin dövrdə Skanderbeq iki başlı qartal təsvir olunan qırmızı bayraq qaldırdı ki, bu simvol sonradan Albaniyanın dövlət bayrağına çevrildi.

1444-cü ilin martında alban və serb feodalları Skanderbeqin rəhbərliyi ilə birləşərək Leja Liqasını yaratdılar. Təxminən 15 minlik süvari qüvvəsi toplayan üsyançılar elə həmin ilin iyununda Torviolli vadisində Osmanlı ordusu üzərində böyük qələbə qazandılar.

1445-ci ilin oktyabrında isə Firuz paşanın rəhbərlik etdiyi Osmanlı qoşunları məğlub edildi. Skanderbeq 1447–1448-ci illərdə Venesiya Respublikası ilə də uğurlu müharibə aparıb.

Osmanlı yürüşləri və uzunmüddətli müqavimət

1448-ci ildə Osmanlı sultanı II Murad Albaniyaya yürüş edərək Svetiqrad qalasını mühasirəyə aldı. Skanderbeq isə partizan taktikasından istifadə edərək Osmanlı qoşunlarının təchizat xətlərinə hücumlar təşkil edirdi. Uzun mühasirədən sonra qala sultanın nəzarətinə keçdi, lakin Kruya qalasını ələ keçirmək cəhdi uğursuz oldu.

II Muradın ölümündən sonra hakimiyyətə gələn II Mehmed dövründə də Skanderbeq Osmanlı ordusuna qarşı müqaviməti davam etdirdi. O, bir sıra döyüşlərdə qalib gəlsə də, 1455-ci ildə Berat qalasını ələ keçirmək cəhdi uğursuz oldu. Bununla belə, 1456-cı ildə Oranik və 1457-ci ildə Albulena döyüşlərində yenidən qələbə qazandı.

1465-ci ildə Ballaban paşanın komandanlıq etdiyi Osmanlı qoşunları Vaykal döyüşündə albanları məğlub etdi. Əsir alınan alban əsilzadələri Konstantinopola göndərildi və sonradan edam edildi.

1466-cı ildə II Mehmed 100 minlik qoşunla Albaniyaya yürüş edərək yenidən Kruya qalasını mühasirəyə aldı, lakin qalayı fəth edə bilmədi. Bir il sonra sultan yenidən Albaniyaya qayıdaraq ikinci dəfə Kruyanı mühasirəyə alsa da, bu cəhd də uğursuz oldu.

Bir müddət sonra malyariyaya yoluxan Gjergj Kastrioti Skanderbeq 1468-ci ilin yanvarında vəfat etdi. Onun ölümündən sonra Osmanlı imperiyası Albaniyada hakimiyyətini bərpa etdi və ölkə 1912-ci ilə qədər Osmanlı idarəsi altında qaldı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki