image-1backend

Almaniya və Fransa döyüş təyyarəsi layihəsini  dayandırdı: Türkiyədən  KAAN alırlar  

image-ads-728x90

Almaniya və Fransanın birgə hazırladığı 6-cı nəsil döyüş təyyarəsi proqramı olan FCAS layihəsinin dayandırıldığı bildirilir. Korrekt.az xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, layihənin iflasa uğramasının əsas səbəbləri tərəflər arasında proqram təminatı, mənbə kodları və əqli mülkiyyət hüquqları ilə bağlı yaranan fikir ayrılıqları olub.

Məlumata əsasən, Fransa layihənin əsas texnoloji səlahiyyətlərinin Parisin nəzarətində olmasını istəyib. Almaniya isə milyardlarla avro sərmayə yatırdığı proqramda ikinci dərəcəli tərəf kimi çıxış etməyə razı olmayıb.

Tərəflər arasında digər mühüm fikir ayrılığı isə yeni nəsil təyyarənin əməliyyat imkanları ilə bağlı yaranıb. Fransa təyyarənin nüvə silahı daşımaq və aviadaşıyıcılardan istifadə etmək qabiliyyətinə malik olmasını tələb edib. Almaniya isə bu xüsusiyyətlərin ölkənin müdafiə strategiyasına uyğun olmadığını bildirib.

FCAS layihəsinin dayandırılması Avropanın müdafiə sənayesi sahəsindəki gələcək planları ilə bağlı suallar yaradıb. Çünki bir sıra Avropa ölkələri də bu proqramın nəticələrini gözləyirdi.

FCAS layihəsinin uğursuzluğundan sonra diqqətlər yenidən Türkiyənin milli döyüş təyyarəsi KAAN-a yönəlib. Hazırda 5-ci nəsil döyüş təyyarəsi kimi inkişaf etdirilən KAAN layihəsinin gələcəkdə 6-cı nəsil texnologiyalara keçid üçün baza rolunu oynayacağı bildirilir.

Türkiyə Aerokosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru Mehmet Dəmiroğlu daha əvvəl verdiyi açıqlamada Türkiyənin 6-cı nəsil döyüş təyyarəsi üzərində də işlədiyini və bu sahədə Avropa ölkələrini qabaqlamağı hədəflədiyini vurğulamışdı.

Mövzu ilə bağlı açıqlama verən ekspert Barın Kayaoğlu bildirib ki, FCAS layihəsinin dayanması və qlobal geosiyasi gərginliyin artması fonunda Avropa ölkələrinin alternativ həll yollarına ehtiyacı yarana bilər.

Onun sözlərinə görə, Türkiyənin İspaniya ilə HÜRJET təlim təyyarəsi üzrə əməkdaşlığı və KAAN proqramında əldə ediləcək nəticələr Avropa ölkələrinin gələcək qərarlarına birbaşa təsir göstərə bilər.

Avropanın digər böyük döyüş təyyarəsi proqramı olan GCAP layihəsində də gecikmələr müşahidə olunur. Böyük Britaniya, İtaliya və Yaponiyanın iştirak etdiyi layihə 6-cı nəsil döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutur. Süni intellekt əsaslı idarəetmə və pilotsuz sistemlərlə inteqrasiya imkanları layihənin əsas xüsusiyyətləri sırasında yer alır.

Lakin ekspertlər layihənin planlaşdırılan qrafikdən geri qalmaq riski ilə üzləşdiyini qeyd edirlər.

Barın Kayaoğlunun fikrincə, Avropa ölkələri alternativ olaraq ABŞ istehsalı olan F-35 və gələcəkdə F-47 proqramlarına maraq göstərə bilər. Bununla belə, yüksək xərclər və əməliyyat müstəqilliyi ilə bağlı bəzi məhdudiyyətlər bu seçimləri çətinləşdirə bilər.

Ekspert hesab edir ki, KAAN, ANKA-3 və KIZILELMA kimi layihələrin uğurla inkişaf etdirilməsi Türkiyənin müdafiə sənayesində mövqeyini daha da gücləndirə bilər. Onun sözlərinə görə, Türkiyənin xarici tərəfdaşlara yerli sistemlərini layihələrə inteqrasiya etmək imkanı verməsi də bu sahədə mühüm üstünlüklərdən biridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki