image-img_20260518_085606backend

Almanları barmağına dolayan Alime: Alman kəşfiyyatı onları necə ələ keçirdi?

image-ads-728x90

Alime 1924-cü ildə Krım muxtariyyətinin tərkibində olan Kerç şəhərində anadan olub. Yeddillik məktəbi fərqlənmə ilə bitirib.

Sovet-alman müharibəsi başlayandan bir qədər sonra Alimenin işlədiyi Lenin rayon icraiyyə komitəsi Krasnodar diyarına təxliyə edilir. 17 yaşlı qız üç aylıq sanitar kursunu bitirdikdən sonra buradakı hospitalda işləməyə başlayır. 1943-cü il oktyabrın ilk günlərində isə radist Larisa Qulyaçenko ilə birlikdə paraşütlə Krıma atılır.

Yarımadada qohumlarının evində qalan Alime əsasən onlardan ibarət “Daya” adlı qrup toplayaraq kəşfiyyat məlumatları toplayır. Onlar dəmiryolu və şose vasitəsilə daşınan yüklərə və hərbi texnikaya gecə-gündüz nəzarət edir, düşmən qoşunlarının hərəkətini qeydə alır, müdafiə qurğuları sistemi, eləcə də stansiya və ətraf kəndlərdə düşmən hissələri ilə qərargahlarının yerləşməsi barədə məlumat toplayırdılar. Həmin məlumatlar ratsiya vasitəsilə Şimali Qafqaz cəbhəsinin qərargahına ötürülür.

Alime, eləcə də radist Larisa Qulyaçenko 1944-cü il yanvarın 5-də Qırmızı Bayraq ordeni ilə təltif olunurlar. Bu da onların toplayıb ötürdükləri məlumatın çox faydalı olmasını göstərir.

Qrupun fəaliyyəti 5 aya yaxın davam etdi. Alman polisi onların çoxunu fevralın son günlərində həbs etdi. Larisa Qulyaçenkodan başqa tutulanların heç birindən informasiya almaq mümkün olmadı.

Dırnaqları qoparılan, əl-ayağı sındırılan, şaxtada üzərinə soyuq su tökülən Alime almanlara heç nə demədi. 20 yaşlı qız 1944-cü il aprelin 5-də Simferopolda güllələndi. Başqa tutulanların da çoxu ya güllələndi, ya işgəncələrə dözməyib öldü.

Cəmi 3 gün sonra sovet ordusu Krım hücum əməliyyatına başladı və təxminən 1 ay ərzində yarımada almanlardan tam təmizləndi. Mayın 11-də isə Stalin tatarların Krımdan sürgün olunması barədə sərəncam imzaladı. Mayın 18-20-də deportasiya edilənlər arasında Alimenin və “Daya”nın digər üzvlərinin qohumları da vardı.

Krım tatarlarının bütövlükdə etibarsız element kimi təqdim edildiyi zaman Alimenin təltif olunmasından söhbət gedə bilməzdi. Sovet dövründə ümumiyyətlə onun şücaəti haqqında danışılmırdı. Halbuki sovet təbliğatının savaşın ikonalarından birinə çevirdiyi Zoya Kosmodemyanskaya ilə müqayisədə Alime müqayisəolunmaz dərəcədə faydalı fəaliyyət göstərmişdi.

Rusiya 2014-cü ildə Krımı işğal edəndə Vladimir Putin Alime Abdenanovaya ölümündən sonra “Rusiya Qəhrəmanı” adını verilməsi haqda sərəncam imzaladı ki, bu da siyasi gediş idi.

Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki