image-media-media-1-tisa2vxb0oge3k8m165y-0tmxcvs58wk23oz1gehlbackend

Arzuman Muradlı: Hörmüz boğazı uğrunda gərginlik qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdiddir

image-ads-728x90

“Yaxın Şərqdə davam edən gərginlik region və dünya üçün ciddi risklər yaradır.”-  bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı səsləndirib.

Politoloqun sözlərinə görə, regionda yaşanan qarşıdurmaların əsas səbəblərindən biri Hörmüz boğazı ətrafında formalaşan geosiyasi mübarizədir.

“Bir tərəfdə İran, digər tərəfdə isə Oman arasında yerləşən Hörmüz boğazının ən dar nöqtəsi cəmi 39 kilometrdir. Buna baxmayaraq, bu su keçidi son dərəcə strateji əhəmiyyət daşıyır. Küveyt, Bəhreyn, Qətər və İraq kimi ölkələrin dünya okeanlarına çıxışı üçün yeganə dəniz yolu məhz buradan keçir. Dünyada mayeləşdirilmiş təbii qazın təxminən 20 faizi, dəniz yolu ilə daşınan neftin isə 25 faizi Hörmüz boğazından nəql edilir. Bu səbəbdən də boğaz qlobal dəniz ticarətinin ən kritik nöqtələrindən biri hesab olunur”, – deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, son dövrlərdə ABŞ və İsrailin İrana qarşı hərbi addımları fonunda İranın boğazı qismən bağlaması dünya iqtisadiyyatında ciddi narahatlıq yaradıb.

“Bu vəziyyət Hörmüz boğazını həm geosiyasi, həm də iqtisadi baxımdan daha həssas nöqtəyə çevirir. Hörmüz boğazı təkcə coğrafi keçid deyil, qlobal enerji təhlükəsizliyinin əsas sütunlarından biridir. Bu boğaza nəzarət etmək dünya neft ticarətinin ‘şah damarına’ nəzarət etmək deməkdir”, – deyə o vurğulayıb.

Arzuman Muradlının sözlərinə görə, mövcud reallıq göstərir ki, bu strateji nöqtədə baş verən istənilən gərginlik təkcə region ölkələrinə deyil, bütün dünya iqtisadiyyatına və beynəlxalq təhlükəsizliyə təsir göstərir.

“Bugünkü geosiyasi şəraitdə Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması beynəlxalq sabitliyin qorunması baxımından əsas məsələlərdən biri olaraq qalır”, – deyə politoloq fikrini yekunlaşdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki