Fars körfəzində alovlanan hərbi münaqişə fonunda Avropa ciddi enerji böhranı ilə üz-üzə qalıb. Avropa Komissiyası yaranmış vəziyyətlə əlaqədar Aİ vətəndaşlarına müraciət edərək, enerji istehlakını azaltmaq üçün sərt qənaət tədbirlərinə keçməyi tövsiyə edib.
“Politico” nəşrinin məlumatına görə, Aİ-nin Enerji katibi Dan Yorgensen 27 üzv ölkənin enerji nazirlərinin fövqəladə iclasından sonra çıxış edərək vəziyyətin kritik olduğunu bildirib. Pandemiya dövrünün məhdudiyyətlərini xatırladan Yorgensen qeyd edib ki, hətta regionda sabah sülh bərqərar olsa belə, yaxın gələcəkdə əvvəlki həyat tərzinə qayıtmaq mümkün olmayacaq.
Brüssel rəsmiləri neft və yanacaq asılılığını azaltmaq üçün Beynəlxalq Enerji Agentliyinin aşağıdakı tövsiyələrinə əməl olunmasını vacib sayır:
İş rejimi: Mümkün olduqda evdən işləmək (remote);
Nəqliyyat: Avtomobil yollarında sürət limitinin saatda 10 km azaldılması;
Səyahət: Təyyarə uçuşlarının və şəxsi avtomobil istifadəsinin minimuma endirilməsi;
Alternativlər: İctimai nəqliyyatdan istifadə, avtomobil paylaşımı və səmərəli sürücülük təcrübələri.
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Fars körfəzində dünya xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün beşdə birinin kəsilməsi bazarlarda şok effekti yaradıb. Son bir ayda yanacaq qiymətləri 70 faiz artıb. Ekspertlər mövcud böhranın 1970-ci illərin neft şokunu geridə qoyduğunu və qlobal iqtisadi təsirlərinin pandemiya ilə müqayisə oluna biləcəyini vurğulayırlar.
Dan Yorgensen uzunmüddətli perspektivdə tək çıxış yolunun bərpa olunan enerji mənbələrinə sürətli keçid olduğunu bildirib. O, üzv dölkələri yaşıl enerji infrastrukturuna yatırımları ikiqat artırmağa çağıraraq, bu anın Avropa üçün tam enerji müstəqilliyi qazanmaq üçün həlledici fürsət olduğunu qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatların əsas məqsədinin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu və bu məqsədə nail olunduğunu bəyan etsə də, regionda gərginlik və iqtisadi fəsadlar hələ də davam edir.





















