Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub. ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları, eləcə də strateji əhəmiyyətli Hörmüz boğazının bağlanması fonunda Avropada qaz və benzin qiymətləri kəskin artıb.
Korrekt.az xəbər verir ki, Hörmüz boğazından kommersiya məqsədli mayeləşdirilmiş təbii qaz (LNG) ixracı qlobal LNG tədarükünün təxminən 20 faizini təşkil edir. Bölgədə nəqliyyatın dayanması və təhlükəsizlik risklərinin artması enerji bazarlarına birbaşa təsir göstərib.
İrandan havaya qaldırılan pilotsuz uçuş aparatlarından birinin Ras Laffan Sənaye Şəhəri ərazisinə enməsi nəticəsində QatarEnergy şirkətinə məxsus LNG istehsal müəssisəsində fəaliyyət dayandırılıb. Şirkət obyektə hücumdan sonra istehsalı müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Bundan əlavə, Qətərin əsas ixrac marşrutlarından biri olan boğazda gəmi hərəkətinin məhdudlaşması LNG daşımalarını çətinləşdirib. Qətər dünyanın ən böyük LNG ixracatçılarından biri hesab olunur və onun ixrac imkanlarının azalması bazarda ciddi təchizat şoku yaradıb.
Qiymət artımı Avropanın əsas qaz ticarət mərkəzi olan TTF birjasında da özünü göstərib. Aprel fyuçers müqavilələri üzrə qazın meqavat/saat qiyməti 65,5 avroya yüksəlib. Halbuki, ABŞ və İsrailin hücumlarından əvvəl – 27 fevral tarixində – bu göstərici 31,95 avro səviyyəsində idi.
Beləliklə, Avropada qaz və benzin qiymətləri hücumlardan əvvəlki səviyyə ilə müqayisədə 100 faizdən çox artıb. Təkcə bu gün qiymətlər dünənki bağlanışla müqayisədə 47 faiz yüksəlib.
Ekspertlər bildirirlər ki, Qətərdəki Ras Laffan və Mesaeed obyektlərinin eyni vaxtda bağlanması 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlanmasından bəri qaz bazarında ən böyük təchizat şoklarından biri kimi qiymətləndirilə bilər. QatarEnergy şirkətinin fors-major elan etməsi isə uzunmüddətli müqavilələr üzrə alıcılar üçün qeyri-müəyyənliyi artırır və onları spot bazara yönəlməyə məcbur edə bilər.
Hazırda Avropada qaz anbarlarının doluluq səviyyəsi təxminən 30 faiz təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağıdır. Bu vəziyyət alternativ LNG mənbələri uğrunda Avropa və Asiya arasında rəqabəti daha da gücləndirə bilər.
Məlumata əsasən, Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini bir araya gətirən Təbii Qaz Koordinasiya Qrupu Yaxın Şərqdəki münaqişənin enerji bazarına təsirlərini müzakirə etmək üçün martın 4-də iclas keçirəcək.





















