Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nəqliyyat sistemində köklü dəyişiklər etdiyi barədə mütamadi olaraq məlumat yayır. Elə bir neçə gün öncə AYNA xırdalan istiqamətində hərəkətə edən avtobusları yenilədiyini açıqladı. Sözsüz bu yeniləmə sərnişinlərin ürəyincə olmalı idi. Lakin redaksiyamıza şikayət ünvanlayan Xırdalan sakinləri yeni nəqliyyat vasitələrinin onların işinə yaramadığını bildirirlər. Problem nədən ibarətdir? Şikayətçilər bildirir ki, səhər tezdən fəaliyyət göstərən 119 nömrəli marşrut artıq onların vaxtında şəhərə çatmalarına imkan vermir.
“İllər boyu bu marşrutun avtobusları səhər saat 05:30–05:40 radələrində xəttə çıxırdı. Bu isə şəhərin kənar məhəllələrində yaşayan minlərlə insan üçün sadəcə avtobus deyil, çörək qapısına aparan yol idi. Bu avtobuslardan istifadə edənlərin böyük hissəsi təmizlik işçiləri, xidmət sektorunun əməkdaşları, fəhlələr, market və istehsalat sahələrində çalışan insanlardır. Onlar bahalı kirayələrə görə şəhər mərkəzində yaşaya bilmirlər. Məcburən Xırdalanın və ətraf qəsəbələrin ucqar məhəllələrində yaşayır, hər səhər gün doğmamış evdən çıxaraq iş yerlərinə tələsirlər. İndi isə müasir və komfortlu avtobuslar gətirildiyi bildirilir. Bu, əlbəttə ki, müsbət addımdır.”– deyə şikayətçilər bildirib.
Amma bir sual ortaya çıxır:
Avtobusun komfortu vacibdir, yoxsa insanların işə vaxtında çatması?
Əgər avtobuslar səhər saat 06:00-dan sonra xəttə buraxılırsa, həmin insanlar metroya, iş yerlərinə gecikir, töhmət alır, əməkhaqqından məhrum olur, hətta iş yerlərini itirmək təhlükəsi ilə üzləşirlər.
İctimai nəqliyyatın əsas vəzifəsi gözəl görünmək deyil, cəmiyyətin ehtiyacına xidmət etməkdir.
Şikayətçilər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) tələb edirlər ki, səhər tezdən işləyən marşrutların qrafiki yenidən nəzərdən keçirilsin. Çünki söhbət sadəcə avtobusdan yox, minlərlə insanın dolanışığından gedir.





















