Azadlıq Radiosunun Ermənistan xidməti Mega Trade şirkətinin direktoru Karen Hayriyana istinadən xəbər verir ki, dekabrın 23-də “Ran Oil” şirkəti Ermənistandakı yanacaqdoldurma məntəqələrində Azərbaycandan benzin satışlarına başlayıb.
Nəşrin məlumatına görə, yanacaq əvvəllər elan edilmiş 440 dram (1.96 AZN) qiyməti bəzi milliyətçi və azərbaycanofob dairələrinə 44 günlük müharibəni xatırladıb(?!). Onlar bundan istifadə edərək Azərbaycan benzininə boykot elan edilməsinə çağırıblar. Bununla əlaqədar şirkət Azərbaycandan gələn Aİ95 benzininin litrini 430 dramdan aşağı satmağa məcbur olub.
Hayriyan qiymətin hesablamalardan sonra tənzimləndiyini və satışın başlanmasının gecikməsinin təşkilati səbəblərlə bağlı olduğunu izah edib. Şirkət 11 tanker benzin alıb.
Qeyd edək ki, Ermənistanda Aİ-95 benzinin 1 litri 520-530 drama (2,32 – 2,36 AZN) satılır. Bundan əvvəl ölkəyə bu markalı benzin əsasən Rusiya və Misirdən idxal edilirdi.





















