image-imagesbackend

Azərbaycan–Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir

image-ads-728x90

Ötən ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Slovakiyaya ilə rəsmi dövlət səfəri zamanı Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olaraq bütün sahələr üzrə genişlənib. Enerji sahəsində əməkdaşlıq isə xüsusi əhəmiyyət kəsb edir. Energetika Azərbaycan–Slovakiya münasibətlərinin ənənəvi və strateji istiqamətlərindən biridir. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql edilib. Azərbaycanın zəngin qaz ehtiyatları ölkəmizə həm Slovakiyanın, həm də digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə vermək imkanı yaradır.

Azərbaycan–Slovakiya münasibətləri qarşılıqlı hörmət, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulub. Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal texnologiyalar və sənaye sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur. İki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin mövcudluğu bu tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir. Belə ki, bu gün Azərbaycan təbii qazının ixrac olunduğu ölkələrin sayı 16-ya çatıb və ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsinə yüksəlib. Bu həcmin yarısı Avropa ölkələrinin payına düşür və Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı hesabına enerji təminatını daha təhlükəsiz şəkildə qurur.

İyul ayının 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. Ertəsi gün Azərbaycan Prezidenti İlham Əliyevlə Slovakiya Prezidenti arasında təkbətək və geniştərkibli görüşlər keçirilib, ölkələr arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.

Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.

Azərbaycan müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir. Bu əməkdaşlıq hərbi məqsədlərdən çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradacaq, həm də ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edəcək.

Azərbaycan bu gün Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər ölkəmizin nəqliyyat infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Şərqdən Qərbə ən təhlükəsiz və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Həmçinin Azərbaycan yaşıl enerjinin Avropaya ötürülməsi istiqamətində 4 layihə üzərində işləyir. Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dəhlizi, Azərbaycan-Türkiyə-Avropa dəhlizi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan və Mərkəzi Asiya-Azərbaycan marşrutu üzrə yaşıl enerji dəhlizi layihələrinin yaxın gələcəkdə işə düşməsi ilə Azərbaycan Avropanı həm də “təmiz” enerji ilə təmin edəcək öncüllərdən biri olaraq bu sahədə rəqabəti artıracaq.

Rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması da Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. Ən başlıcası, diversifikasiya olunmuş enerji resurslarına malik olmağımızdır ki, data mərkəzlərinin işləkliyi üçün ehtiyac duyduğu da enerjidir. Həmçinin iqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Çünki nəhəng data mərkəzləri gecə-gündüz işləyir və qızır. Onların soyuq saxlanılması üçün böyük soyutma sistemlərindən istifadə olunur. Bu isə böyük enerji və su sərfiyyatı deməkdir. Ancaq bu kimi data mərkəzləri iqlimi soyuq bölgədə yerləşdirilərsə, su və enerji sərfiyyatı azalar. Bu isə Slovakiya şirkətlərinin ölkəmizlə əməkdaşlığı üçün yeni imkanlar açır. Genişlənən qaz ixracı, bərpaolunan enerji imkanları, data mərkəzləri üçün yaradılan şərait və nəqliyyat dəhlizlərində Azərbaycanın artan rolu iki ölkə arasında qarşıdakı illərdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan–Slovakiya strateji əməkdaşlığı təkcə ikitərəfli münasibətləri deyil, həm də regional enerji təhlükəsizliyini və Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki