image-4backend

Azərbaycan Slovakiya üçün strateji tərəfdaşdır

image-ads-728x90

Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əməkdaşlıq sahəsində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Bunun üçün dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyinə diqqət yetirmək kifayətdir. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Bu baxımdan iyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər bir daha təsdiqlədi ki, strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir.

Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri çərçivəsində müzakirə olunan məsələlər, səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. 2024-cü ildə Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində  imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyən bu sənəd Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və  birgə yolun çox uğurlu olacağına əminliyi ifadə edir. Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki ölkənin  niyyətini əks etdirir, eyni zamanda, əməkdaşlığın perspektivlərini  müəyyən edir.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib. Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə   görüşlərində qeyd etdiyi kimi, əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2024-cü ildə iki ölkə arasında  əlaqələri ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzalanıb. Həmçinin  Baş nazirin müavini və müdafiə naziri  Kalinyaka 2025-ci ildə ölkəmizdə keçirilən hərbi paradda iştirak edib. Ötən ilin dekabr ayında Prezident İlham Əliyev Slovakiyaya ilk dəfə rəsmi səfərdə olub. Bu səfərlər son illər ərzində iki ölkə arasında münasibətlərin yüksək dərəcədə inkişaf etməsinə və bir çox sahələri əhatə etməsinə imkan verib.

İqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas istiqamətlərdən biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir. 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlərə başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək.

Azərbaycan və Slovakiya prezidentlərinin həm təkbətək və geniş tərkibdə görüşlərində, həm də mətbuata birgə bəyanatlarında əsas diqqət göstərilən məsələlərdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu.

Prezident İlham Əliyev öz bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.

Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.

Ölkə başçısı deyib:  Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, – deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektiv sahədir. Dövlətimizin başçısı əməkdaşlıqda bu sahəyə yönələn diqqəti belə əsaslandırdı ki,  bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də  bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.

Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan, eyni zamanda, həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə  ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Qeyd edilməlidir ki, Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə ölkəmiz  nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq  öz imkanlarını genişləndirəcək. Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahə diqqətdən kənarda qalmır.  Çünki bunun çox böyük potensialı vardır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki