Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi “PDD Holdings” şirkəti barəsində iş qaldırıb. “PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozub. Agentlik elan edib ki, bu hərəkətlər Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması deməkdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasını və onun sahibi olan “PDD Holdings” şirkətini malları ucuz satmaqda, bununla da bazardakı rəqiblərə problem yaratmaqda ittiham edir.
Xatırladaq ki, xaricdəki internet ticarət portallarından alınan malların qiymətinin aşağı olması Azərbaycanda tez-tez müzakirə obyektinə çevrilir. Xüsusilə analoji malları satan yerli şirkətlər daima bu platformaların nəzarərə götürülməsini və buradakı alqı-satqılara vergi və ya məhdudiyyət qoyulmasını təklif edirlər. Hazırda bununla bağlı araşdırma davam edir.
Bəs “Temu”ya qarşı bu iddialar nə dərəcədə əsaslıdır? Malları ucuz satmasına görə şirkət ittiham olunmaldırmı?
İqtisadiyyat yazarı Dünya Sakit bildirib ki, xarici onlayn ticarət platformalarının Azərbaycanla bağlı fəaliyyətinə ədalətli və istehlakçının hüquqlarının qorunması baxımından nəzarətin olması zəruri və vacibdir. Onun sözlərinə görə, lakin nəzarətin ilk növbədə istehlakçının deyil, digər bazar oyunçularının hüquqlarının qorunmasına yönəlməsi təəssüf doğurur:
“Çünki “Temu”dan ticarət edən zaman yanlış, yaxud qüsurlu mal göndərilməsi, sifarişlərin vaxtında çatdırılmaması, yaxud heç çatdırılmaması hallarına dair kifayət qədər çoxsaylı narazılıqlar var. Düşünürəm ki, Agentlik ilk növbədə bu məsələlər üzrə “Temu”dan izahat istəməli, vətəndaşın hüquqlarının pozulması hallarının qarşısını almaq üçün təmsilçi qurumla işləməlidir. Çox təəssüf ki, vətəndaş deyil, xaricdən malları gətirib Azərbaycan bazarında bir neçə dəfə baha satan oyunçuların hüquqları baxımından məsələyə yanaşılır”.
D.Sakit qeyd edir ki, Agentliyin açıqlamasında istinad olunan Rəqabət Məcəlləsinin 16-cı maddəsi hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan sui-istifadə hallarını müəyyən edir: “Mənə maraqlıdır ki, Xidmət “Temu”nun hansı məhsullar üzrə Azərbaycan bazarında nə qədər payı olduğunu necə hesablayıb? Prinsipcə, bu maddəyə istinad varsa, demək, hesablanıb. Hesablanıbsa, maddəyə istinada əsas yaradan göstəricilərin də açıqlanması yaxşı olardı. Məsələn, tutaq ki, Azərbaycanda ayaqqabı bazarının bəlli bir həcmi var. “Temu” onun Rəqabət Məcəlləsinə əsasən hökmran mövqe kimi qiymətləndirilməli olan 50 faizini təmin edir. Və bu mövqeyindən sui-istifadə edərək məhsulları məqsədyönlü şəkildə digər bazar iştirakçılarından aşağı qiymətə satır.
Məcəllənin istinad olunan 16.2.7-ci maddəsinə əsasən, müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsi;
16.2.8-ci maddəsinə əsasən isə fiziki və mənəvi köhnəlmiş mallar, istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitləri istisna olmaqla, iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılmasını nəzərdə tutur.
Yenə də sual yaranır ki, “Temuz”nun təklif etdiyi məhsulların böyük əksəriyyəti Çin istehsalıdırsa, Agentlik onların maya dəyərini necə müəyyən edib? Bunu edibsə, hansısa bir məhsul üzrə nümunənin də açıqlanması yaxşı olardı. O halda araşdırmanın obyektivliyi sual altına düşməzdi.
Digər bir məsələ diqqət çəkim. Hamıya məlumdur ki, xaricdən 5 manata alınan malları idxalçılar vətəndaşa ən yaxşı halda 15 manata təklif edir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu”nun vətəndaşa sərf edən aşağı qiymətini deyil, əslində idxalçının aşırı yüksək qiymətini araşdırmalıdır. Çünki bu yüksək qiymət yüz minlərlə ailənin büdcəsinə əlavə yük yaradır, dövlətin əhalinin gəlirlərini artırmaq üçün həyata keçirdiyi siyasətin effektivliyini azaldır. Açığını deyim ki, “Temu”dan yalnız bir dəfə – neçə ilsə əvvəl mal almışam. Çin istehsallı məhsulların keyfiyyətinə o qədər də əmin deyiləm. Bu mənada, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Temu”nun təklif etdiyi malların keyfiyyətinə də diqqət yetirməsini çox istərdim”.Musavat.com





















