İnflyasiya maaş artımını yeyir, amma valyuta ehtiyatımız artır…
İrandakı münaqişə səbəbindən dünya bazarında neft-qaz qiymətləri xeyli bahalaşsa da, hələlik bunun Azərbaycan iqtisadiyyatında müsbət izləri görünmür. Əslində, hər zaman neftin kəskin ucuzlaşması devalvasiya və digər formalarda ölkə həyatında özünü daha qabarıq şəkildə büruzə verib, nəinki onun kəskin bahalaşması. Odur ki, “qara qızıl”ın bahalaşmasından dərhal hansısa iqtisadi sıçrayış, inkişaf, əhalinin gəlirlərinin artması və s. bu kimi tendensiyalar gözləməyə dəymir. Ancaq hər halda, yəqin ki, Azərbaycan büdcəsində bir bareli 65 dollardan götürülən neftin qiymətinin hazırda 100 dolların üzərində olması, arada hətta 140 dollara yaxınlaşması yaxın ayların iqtisadi statistikasında özünü göstərəcək…
Hələliksə, bu ilin ilk 3 ayının rəsmi statistikası ortaya olduqca narahetidici, hətta kədərli mənzərə qoyur. Dövlət Statistika Komitəsinin 2026-cı ilin birinci rübü üçün son məlumatlarına görə, bu ilin yanvar-mart ayları arasında ölkə ÜDM-i 29,7 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır və faktiki iqtisadi geriləmə deməkdir! Buna texniki tənəzzül də demək olar. Son bir neçə ildə davam edən iqtisadi durğunluğun öz yerini tənəzzülə verə biləcəyi barədə proqnozlar təəssüf ki, özünü doğruldur…
Bu tendensiyanı hökumət iqtisadçılarının tez-tez bəhanə olaraq istinad etdikləri xarici iqtisadi mühitlə qətiyyən əlaqələndirmək olmaz. Çünki birincisi, neft-qaz qiymətləri nəzərə alınmaqla, Azərbaycan üçün xarici iqtisadi mühit kifayət qədər əlverişlidir. Digər yandan, qonşu ölkələrlə müqayisə aparmaq kifayətdir ki, mənzərə daha aydın görünsün. Məsələn, eyni dövrdə Gürcüstanda ÜDM-in 8.4 faizlik artımı qeydə alınıb. Digər MDB ölkələrində də buna bənzər vəziyyətdir. Özbəkistanda 7 faiz, Qırğızıstanda isə az qala 9 faizlik artım var. Ermənistan və digər ölkələr də müsbət dinamika göstərir…
Rəsmi statistikaya görə, əsas ümid yerimiz olan enerji sektorunda da rəqəmlər ürəkaçan deyil. Məsələn, neft və qaz sektorunda əlavə dəyər yaradılması 1,2% azalaraq, 8,5 milyard manata düşüb. Qeyri-neft sektorunda isə cəmi 0,2% artım qeydə alınıb. Bu rəqəm hökumətin iqtisadi komandasının raportları, hesabatları fonunda olduqca cılız görünür və reallıqda “yerində saymaq”, hətta geriləmə anlamı daşıyır…
İtisadiyyatda yaşanan geriləmə özünü büdcə gəlirləri və xərclərində də göstərməyə bilməzdi. Belə ki, hesabat dövründə büdcə gəlirləri 1,4% azalıb. Görünür, bundan çıxış edən hökumət xərclərə də qənaət edərək, bunu vəziyyətdən çıxış yolu hesab edr. Bunun nəticəsidir ki,həmin dövrdə büdcə xərcləri də azalıb – 3,7 faiz.
Ancaq bütün bu qeyri-qənaətbəxş statisika fonunda ölkənin valyuta ehtiyatları kəskin artım göstərir. Valyuta ehtiyatları ötən dövrlə müqayisədə 15,9% artaraq, 85 milyard dolları ötüb. Burada həm ölkənin Neft Fondundakı qiymətli kağızlar, valyuta, əmlak və s. vəsaitlərinin özlərinin dünyadakı iqtisadi proseslər nəticəsində dəyər qazanması, həm də artan neft gəlirləri rol oynaya bilər. Bu məbləğin likvidlik səviyyəsini bir tərəfə qoysaq belə, 85 milyard dollar Azərbaycan kimi kiçik ölkə üçün böyük rəqəmdir. Amma təəssüf ki, Azərbaycan vətəndaşı bu artımı öz gündəlik həyatında hiss edə bilmir…
Qeyd edək ki, hesabat dövrünə aid statistikada valyuta ehtiyatları ilə yanaşı, bəzi digər müsbət göstəricilər də var. Məsələn, rəsmi statistikaya görə, qeyri-neft sənayesində 7,2% artım qeydə alınıb. Kənd təsərrüfatında artım 1,1% təşkil edib.
Artan rəqəmlər arasında orta nominal əmək haqqı da var. Bu göstərici 1099 manat təşkil etməklə, 5,3%-lik artım göstərib. Ancaq eyni dövrdə inflyasiya rəsmi orta əmək haqqı artımını üstələyərək, 5,7% təşkil edib və həmin maaş artımını artıqlaması ilə “udub”. Onu da nəzərə alaq ki, rəsmi statistikanın “özünəməxsus” hesablama metodikası ilə verdiyi inflyasiya göstəricisi hər zaman real inflyasiyadan, qiymət artımından daha az göstərilir. Bu nəzərə alınsa əhalinin gəlirləri ilə inflyasiya arasındakı mənfi fərqin daha böyük olduğu üzə çıxar. Bunu ölkə vətəndaşlarının əksəriyyəti gündəlik alış-verişində əlbəttə ki, hiss etməyə bilməz…
Bu arada ölkənin xarici ticarət dövriyyəsi göstəriciləri də olduqca acınacaqlı görünür. Belə ki, hesabat dövründə ümumi dövriyyə 23,5% azalıb. Həmin dövrdə ixrac 9,6%, idxal isə 37,1% azalma göstərib. Bu, olduqca ciddi azalmadır və iqtisadi aktivliyin kəskin zəifləməsini göstərir. İdxalın belə kəskin azalması təkcə xaricdən mal alışının azalması deyil. Daxili istehsalın artması isə heç deyil! Əvəzində bu, ölkə biznesinin və əhalinin alıcılıq qabiliyyətinin azalması analamına gəlir. Ən əsası, bu göstərici ölkəyə investisiya axınının əhəmiyyətli dərəcədə azalması deməkdir.
Bəli, Azərbaycana xarici investisiya lazımi səviyyədə gəlmir. Deməli, bunun üçün münbit şərait yoxdur, yaradılmayıb. Ancaq dərd təkcə bu da deyil. Xarici sərmayəni bir tərəfə qoyaq, Azərbaycanın öz valyuta ehtiyatlarından da ölkə iqtisadiyyatının, biznes mühitinin, kiçik və orta sahibkarlığın inkişafı üçün effektiv istifadə olunmur. İqtisadiyyatın neft gəlirlərindən asılılığı fəlakətli səviyyədə qalır. Ölkə iqtisadiyyatına, biznes mühitinə, sahibkara baxış bucağı, fəlsəfəsi, yanaşması dəyişmir.
Bütün bunlar o deməkdir ki, bu cür davam edərsə, ölkə iqtisadiyyatının və əhalinin həyat səviyyəsinin tənəzzül statistikası getdikcə daha da kədərli hal ala bilər…“AzPolitika.info”





















