WUF13 çərçivəsində keçirilən “Şəhər və ikinci şans: Görünməyənlərin səsi” adlı panel və sərgidə diqqət çəkən məqamlardan biri də tanınmış jurnalist və aparıcı Firə Cəlilovanın 15 yaşlı oğlu Nicat İskəndərovun moderator kimi çıxışı oldu.
Nicat İskəndərov ilk dəfə belə böyük beynəlxalq platformada panel müzakirəsini ingilis dilində idarə edib. O, panel zamanı pakistanlı iqtisadçı və beynəlxalq spiker Rao Babar Jamil ilə müsahibə aparıb və peşəkar ünsiyyəti ilə iştirakçıların diqqətini cəlb edib.
Bir ildən artıqdır ki, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyində könüllü fəaliyyət göstərən Nicat artıq beynəlxalq auditoriya qarşısında özünü inamla ifadə etməyi bacarır.
Firə Cəlilova bir ana olaraq bu anın onun üçün xüsusi qürur hissi yaratdığını bildirib. Onun sözlərinə görə, oğlunun ən böyük arzusu gələcəkdə diplomat olmaq və ölkəsini beynəlxalq platformalarda təmsil etməkdir.
Məlumat üçün bildirək ki, Nicat İskəndərov artıq 4 əcnəbi dildə (ingilis, alman, çin, rus) sərbəst danışır. O, hazırda Sumqayıt şəhər 12 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir.






















