Əbdülbaqi Zülalov 1847-ci ildə Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşa şəhərində anadan olub. Gənc yaşlarından xanəndəliyə başlayan Bülbülcan əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda, Tbilisi şəhərində ömrünün 30 ilini keçirərək ad san qazanıb və burada tanınan şəxslərdən biri olub.
Əslində, “Bülbülcan” ləqəbini Əbdülbaqi Zülalova elə həmin illərdə Tiflis mühiti verib. Dinləyicilər onun səsini bülbülə bənzədiblər və bu ləqəb tez bir zamanda yayılıb.
Gürcü dilini öyrənib. Azərbaycan muğamlarını həm də bu dildə ifa edib. Gürcü dilindən başqa ləzgi, kumık dillərini də bilib, bu dillərdə də mahnılar oxuyub.
1888-ci ilin payızında Rusiya imperatoru III Aleksandr, imperatriça Mariya Fyodorovna və uşaqları ilə birlikdə Qafqaza böyük bir səyahətə çıxmışdı. Oktyabrda imperator ailəsi Tiflisə gəlib çatdı. Onların şərəfinə məşhur “Muştəhid” bağında böyük bir xalq şənliyi və təntənəli qəbul təşkil edildi.
Cabbər Qaryağdı oğlunun yazdığına görə, bağda çarın şərəfinə badə qaldırılan zaman Bülbülcan elə bir oxumağa başlayıb, elə bir avazla doldurub ortalığı ki, III Aleksandr və onun xanımı heyrətdən donub qalıblar. O vaxtdan sonra Bülbülcan çarın şərəfinə verilən qəbulların daimi iştirakçısına çevrilib.
Həmin məşhur qəbulda Bülbülcanın üçlüyü çıxış edirdi. O, özünün misilsiz, zəngin və yüksək səsi ilə Azərbaycan muğamlarını və xalq mahnılarını elə bir ustalıqla ifa edir ki, rus imperatoru və onun xanımı Mariya Fyodorovna musiqi dilini başa düşməsələr də, xanəndənin avazına, səs diapazonuna və duyğusuna heyran qalırlar.
İfadan sonra çar III Aleksandr musiqini yanına çağırır, ona fərdi şəkildə təşəkkür edir və xüsusi hörmət əlaməti olaraq Bülbülcana dəyərli bir hədiyyə —üzərində imperatorun gerbi və portreti olan qızıl cib saatı bağışlayır.
1904-cü ildə İmperator I Nikolayın qardaşı Knyaz Mixail Romanov Tiflisə səfər edəndə “Edem” bağında Bülbülcanın ifasını o qədər bəyənib ki, öz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxarıb xanəndənin barmağına taxıb.
1900-cü ildə İran şahı Müzəffərəddin Şah Avropaya səfər edərkən Tiflisdə qonaq olub. Şahın şərəfinə təşkil olunan məclisdə Bülbülcanın ifasından heyran qalan şah onu “Şiri-Xurşid” ordeni ilə təltif edib.
Onun ifasını İosif Stalinin də qiymətləndirdiyi barədə qeydlər var xatirələr kitablarında.
O dövrün protokollarına görə, imperatorun adi bir yerli ifaçıya bu cür fərdi və qiymətli hədiyyə verməsi olduqca nadir hal idi. Bu, Bülbülcanın sənətinə verilən ən yüksək qiymət sayılırdı.
Rusiyaya qayıtmazdan əvvəl çar naibə tapşırır ki, Əbdülbaqinin hər hansı bir arzusunu yerinə yetirsin. Çarın bu vəsiyyəti Əbdülbaqiyə çatdırılanda o, bir dəmir tüfəng və Kovalenski prospekti ilə atla keçməyə icazə istəyir. Bülbülcan təkcə nadir istedada malik xanəndə deyildi, eyni zamanda mükəmməl bir atlı və yaxşı ovçu idi. Onun arzusu yerinə yetirildi. Bu, o dövrün mühafizəkar Tiflisində böyük bir imtiyaz sayılırdı.
Ermənilər onu dəvət edirlər ki, Tiflisdə mahnı oxusun, amma erməni dilində. O, imtina edir və ancaq Azərbaycan dilində oxuyacağını deyir.
Qarşı tərəf razılaşır və ruhanilərin iştirakı ilə, Bülbülcan Azərbaycan muğamlarında, “Rast”, “Şur” və “Segah” muğamlarını ifa edir. Tədbirdən sonra, deyilənlərə görə qardaşının 1898-ci ildə ermənilər tərəfindən başı kəsilməsini ruhanilərə şikayət edib.
Qəzetlər o vaxt yazırdılar ki, Qafqazın müxtəlif xalqlarının musiqiçiləri arasında məhz azərbaycanlı xanəndə öz qeyri-adi səs tembri ilə imperator ailəsinin və saray əyanlarının diqqətini hamıdan çox cəlb edə bilmişdi.
1920-ci ildə o, Bakıya köçüb. Üzeyir bəy Bülbülcanı muğam ustası kimi dərs verməyə dəvət edib. O, qısa müddət “Şərq musiqisi kursları”nda, 1923-cü ildən isə Azərbaycan Dövlət Türk Misiqi Məktəbində muğamatdan dərs deyib.
Prof.Dr.Zaur Əliyev





















