Rusiya ordusu gecə saatlarında Ukraynanın Odessa vilayətində Türkiyəyə məxsus yük gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edib.
Korrekt.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumata görə, Odessa vilayətinin limanlarından birindən Türkiyəyə yük aparan, Vanuatu bayrağı altında üzən və sahibi Türkiyə şirkəti olan “ANT” quru yük gəmisi hədəfə alınıb.
Hücum nəticəsində gəminin üst quruluşunda yanğın baş verib. Yanğın Ukrayna Silahlı Qüvvələrinin Dəniz Axtarış və Xilasetmə Xidməti ilə Hərbi Dəniz Qüvvələrinin əməkdaşları tərəfindən qısa müddətdə lokallaşdırılıb.
Hadisə zamanı iki heyət üzvü yaralanıb. Yaralılar Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları vasitəsilə təxliyə olunaraq tibb müəssisəsinə çatdırılıb.






















