Həyat gözəldir, amma amansızdır, gözünün yaşına baxmaz, planına görə sənə nə etməlidirsə, onu da edər. Hansı sahədə çalışmağından, peşəkar olub-olmamağından da çox şey asılıdır. Götürək aktyorları – yaratdıqları obrazlarla yaşayırlar. Yaşayırlarsa, öz həyatları yarımçıq qalır. Obrazı yaşamadan da sənətkar olmaq olmur, olursan Anarın Kəbirlinskisi…
Sənətkardan danışıram, bu gün xatirəsini hörmətlə andığımız Xalq artisti Ramiz Novruzdan. Hərdən mənə elə gəlir ki, o, aktyor olmasaydı, daha çox yaşayardı. Fuad Poladov da, Həsən Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, siyahını uzada bilərəm, o qəbildən aktyorlardır. Yaşadığı üçün ölənlər!
Uşaqlıq
1955-ci il mayın 25-də Biləsuvar rayonun Səmədabad kəndində doğulub, orda da orta məktəbi bitirib.
Atası dülgər olub, müharibə veteranı imiş, Berlinə qədər gedib. Atasının müharibə barədə xatirələri ilə böyüyüb. Deyirdi ki, atam müharibədən danışanda söhbətlərindən doymaq olmurdu, çünki çox səmimi danışardı. Ata həm də dindar adam olub, ibadəti yerində.
Anası evdar qadın, ailədə iki qardaş, üç bacı olublar. Onlar da hamısı ailəlidirlər, Bakıda yaşayırlar. Bircə qardaşı rayondadır, müəllimdir. Əslində aktyorluğu qəhrəmanıma o qardaşı sevdirib, özünün də istedadı var, amma ona baxıb qürurlanmaqla kifayətlənib.
Orta məktəbdə yaxşı oxuyan olmayıb, amma məktəbin gərəkli şagirdi olub, bütün məktəb tədbirlərində ona güvəniblər ki, şeir deyən, rol oynayan, aparıcılıq edən var.
Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamağına söz yox, amma ən çox futbol oynayarmış. 8-ci sinifdən başlayaraq bütün bu maraq və istedadlar keçir arxa plana, çünki məktəbdə teatr dərnəyi fəaliyyətə başlayır: “Elə o vaxtlardan da yəqin vurulmuşam bu sənətə. İlk məhəbbət kimidir, bilmirsən niyə sevirsən, onu bilsən, demək heç sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyirlər ki, mən heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Mən həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə xəyanət edir.”
İlk dəfə onuncu sinifdə oxuyanda inşada aktyor olmaq istədiyini açıqlayıb. İnşa belə də başlayırmış: “Mən indiyə qədər kim olacağım barədə çox inşalar yazmışam, amma hamısında yalan yazmışam, bu dəfə ilk dəfə həqiqəti deyirəm…”
Təsəvvür edin də, kənddə quzu otarmağı bacarmayan, hər quzu otaranda başı futbol oynamağa qarışdığından bir quzu bada verən kənd uşağı gəlib neçə illərin sənətkarlarının çəkilmək istədiyi qəhrəman obrazına çəkildi. “Uşaqda fərasətə bax e…”
Tələbəlik
Orta məktəbi bitirəndən sonra atası ona bir bilet alıb, üstündə də o vaxtın puluyla 85 manat verib ki, get Bakıya oxu, kim olursan ol, özün bilərsən, amma adam ol. İmtahanda aktyor sənətindən 4, 5 alıb. Özü də Rza Təhmasibdən. Özü də qabiliyyət imtahanında sovet vaxtı qadağan olunmuş bir şairin şeirini deyib.

Görünür, Rza Təhmasib Tofiq Fikrətin “Siz” şeirini cəsarətlə (qadağan olunduğundan bixəbər olduğu halda) dediyinə görə onun həm qabiliyyətinə, həm də elə qalibiyyətinə 5 yazıb. Yazıdan isə kəsilib, daha doğrusu, kəsiblər, şikayəti əsasında onu geri götürürlər, amma bir il Pedaqoji institutda oxuyandan sonra, çağırıblar ki, gəl, səni haqsız kəsiblər. Ramiz Novruzov adlı bu tələbə də eləmə tənbəllik, tələbnamə ilə özünü saldırır Adil İsgəndərovun kursuna. Bunu o vaxt hansı tələbə istəməzdi ki…
Adil İsgəndərovun belə bir ənənəsi olub, tələbələrinə sonda bir rəy yazarmış. Ramiz Novruzova yazıb ki, sənin əxlaqınla yanaşılsa, irəli getmək olar, böyük teatrda işləyə bilərsən: “Sən o adamlardansan ki, ilk görüşdən etibar edib uzaq yola çıxmaq olar”.
General
Təyinatla bir il Sumqayıt teatrında işləyib. Əsgərlikdən sonra bu teatrda Nəriman Həsənzadənin “Qoy, bütün şərq bilsin” tamaşasında general Şıxlinskini oynayır. Tamaşaya baxanlar arasında Hökumə Qurbanova da varmış. Aktrisa tamaşadan sonra deyib ki, mən yalnız bir söz deyə bilərəm – generalı oynayan oğlan yaxşı idi. Aktyor bundan ürəklənib, böyük teatrda işləmək üçün müraciət edib. Müraciət az sonra qəbul edilib.
“On il Akademik teatrda özümü sübut etməklə məşğul oldum. Yalnız başımı aşağı salıb işləyirdim. Özüm üçün belə bir xətt tutmuşdum, həmişə orta sıralarda Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov əyləşərdi, onları əsas tutub oynayırdım, onların xoşuna gəlsin”.
Tanrı hər 10 ildən bir ona bir hədiyyə göndərib. 31 yaşında Əməkdar artist, 42 yaşında Xalq artisti. Ardıcıl uğurlu rollar da üstəlik.
Teatrda
Teatrda oynadığı rollar: Nəvvab və İran şəhzadəsi (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Mayor Edmund (“Şeyx Xiyabani”, İlyas Əfəndiyev), Bahadur (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Məhəmməd Suvarlı (“Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev), Cəmil (“Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan (“Hökmdar və qızı”, İlyas Əfəndiyev), Seyton (“Maqbet” Uilyam Şekspir), Edmund (“Kral Lir”, Uilyam Şekspir), Kreon (“Medeya”, J.Anuy), İbn Yəmin (“İblis”, Hüseyn Cavid), Səlim bəy (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Loğman (“Fəryad”, Bəxtiyar Vahabzadə), Laçın (“Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə), Toğrul (“Cəzasız günah”, Bəxtiyar Vahabzadə), Fərhad (“Sənsiz”, Şıxəli Qurbanov), Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin), Andranik və Nostradamus (“Hələ “sevirəm” deməmişdilər…”, Ramiz Novruz), Ələs bəy (“Dirilən adam”, Mir Cəlal), Qaçaq Süleyman (“Ölüləri qəbiristanlıqda basdırın”, İsmayıl Şıxlı), Murad (“Xəcalət”, Hüseynbala Mirələmov), Cəbrayıl (“Teleskop”, Elçin), “Yaşlı qadının gəlişi”( F. Dürrenmat).
Kino
General Həzi Aslanov roluna təsdiqlənməyin özü gözlənilməz olub. Sınaqda bu obraz üçün sinov gedən və artıq özünü təsdiq etmiş aktyorlar varmış. İddialı, şanslı. Axırıncı üç nəfərin də içindən özünün seçildiyini eşidəndə aktyor qulaqlarına inanmayıb. Seçim prosesində onun adı gələndə bütün seçim heyəti əl çalıb.
Görünür, atasının müharibə xatirələri, teatr səhnəsində yaratdığı general obrazlarının hərəsi bir damla qoyub bu şansın üzərinə.
“Həzi Aslanov mənim vizit kartımdır, adımı çəkəndə soruşurlar ki, o, hansı aktyordur? Cavab verilir ki, Həzi Aslanovu oynayan. Bu xoşdur adama. Tarixi şəxsiyyətin obrazını yaratmaq və onunla tanınmaq çox gözəldir. Yoxsa adını çəkələr, amma hansı rolla səni tanıtdırsınlar onu tapmayalar-acınacaqlı tale olardı”.
Bütövlükdə bu kinonun qıt vaxtında 28 film. Bəs, sən tamaşaçı, hansı filmlərini xatırlayırsan, daha doğrusu, Ramiz Novruzovun oynadığı neçə kinonun adını çəkə bilərsən? “Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Cavid ömrü”, “Qorxma, mən səninləyəm”, çox yayılmasa da “Sarı gəlin” və televiziyada “Ümid”, “Yurd yeri”, vəssalam. 60 yaşına çatmış Xalq artisti üçün az deyilmi? Allah insaf versin, Azərbaycan kinosunun onurğasına balta vuranlara.
Televiziya
H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası”(Musiqi müəllimi), V.Şekspirin “Antonio və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə”(Kənan bəy), “Yad qızı” (Nihad) və s. teletamaşalarda maraqlı rollar oynayıb. Həzi Aslanovdan sonra gəl bu aktyoru Kənan bəy obrazında qəbul elə görüm, yazıq tamaşaçı, edə bildinmi? Yoxsa, sevgi ilə nifrət qarışdı bir-birinə? Hə, bax, sənətkarlıq da elə bundadır, onu həm sevə biləsən, həm də nifrət edəsən, axırda sevgi qalib gələcək – nə üçün nifrət etdiyini anlasan. Dərk etsən ki, o, elədi bunu, onun sənətkarlığı.
Sevgi və ailə

Həyat yoldaşının adı Xoşavazdır. Məktəb özfəaliyyət kollektivində bir yerdə iştirak ediblər. Qız ondan iki sinif aşağıda oxuyurmuş. Gözəl səsi varmış, Ramizin yaratdığı obrazlarla onun ifa etdiyi mahnılar bir-birini tamamlayırmış. Elə Ramizi ilk cəlb eləyən də Xoşavazın şirin avazı olub. “Nazik, şirin səslə “Gilənar” mahnısı oxuyurdu. Ay gilənar, ay gilənar, bağçamızın göyçək qızı. Elə şirin alınırdı, başqa kim oxusa mənə elə zövq verməzdi. O gilənar, bu gilənar, tilsimə düşdüm. Hərdən indi də dodaqaltı oxuyur. Birdən hiss edir ki, hamımız qulaq asırıq, deyir nədi, iş-gücünüz yoxdu? Uşaqlarımızdan Şəfəqin də səsi var, arxasınca getmədi. Cavidan isə getdi səsinin arxasınca”.
Sonralar hər ikisi Bakıda təhsil alanda yenidən tapıblar bir-birilərini. Xoşavaz musiqi məktəbində təhsil alırmış, Ramiz Novruzov əhd bağladığı qızı axtarmaq istəyərkən tale özü küçədə qızı qarşısına çıxardıb ki, bu sənin bəxtindir. Hər ikisi şoka düşmüş kimi baxıblar bir-birilərinə. Xoşavaza evdən qəti tapşırıq var ki, Ramizlə görüşməsin, hətta əmisi oğlu bir dəfə Ramizi bıçaq davasına da cəlb edib. Bıçaqlanma yüngül sovuşsa da nəticədə qızı oğlana vermək istəməyib ailəsi, əmiləri deyib ki, bir neçə aya qız qayıdacaq evə-nəticəni belə proqnozlaşdırıblar, amma həmin evlilik aktyorun ömrünün sonuna qədər sürüb. Bu evlilikdən üç uşaq, beş nəvə var. Xoşavaz xanım isə konservatoriyaya gedib musiqi təhsilini davam etdirməyib, həyatını ailəsinə, övladlarına həsr edib.
“Uşaqlarımız yaxşı uşaqdılar. İki oğlan, bir qız. Böyük qızımızdır, çox gözəl ingilis dili bilirdi, mən düşünürdüm o sahəyə gedər, amma böyüyəndə elan verdi ki, mən saç ustası olmaq istəyirəm. Razı olmadım, qayınanam köhnə analara məxsus bir ritual elədi, yaylığını atdı qarşıma ki, qıza icazə ver, öz istədiyi sənətə getsin. İcazə verməli oldum, indi öz sahəsinin peşəkarı, şəhərdə iki tanınmış ustadan biridir Şəfəq, bizim də baş sponsorumuzdur. Oğlum Nəriman televiziyalardan birində çalışır, içində yaradıcı insandır, amma utancaqdır, bir az da məhəllə ənənələrinə sadiqdir, ona görə yaradıcı istiqaməti seçmədi.
Cavidan aktyor olmaq istəyirdi. İncəsənət Universitetini oxuduğu müddətdə müğənniliyə yönəldi, sonra yenə aktyor oldu”.
Rejissorluq

Ramiz Novruz özünü rejissor kimi də sınayıb, aktyor kimi çalışdığı Milli Akademik Teatrın səhnəsində bir faciə, bir də komediya qoyub – “Hələ sevirəm deməmişdilər”i özünün yazdığı pyes əsasında səhnələşdirib, “Silindir” komediyası isə E. De Filipponundur. İkinciyə baxmamışam deyə bir söz deyə bilmirəm, amma birinci tamaşası o teatrda ən yaxşı tamaşalardandır.
Seriallar
Zəif-güclü, keyfiyyətli-keyfiyyətsiz, bu seriallar da hər nədirsə, sənətkar yolunun bir hissəsidir. İndi çox az film çəkilir, ona görə də aktyorlar seriallara cəlb olunur. Əvvəl buna getməyən aktyorlar da sonradan əlacsız halda getməli olur.
Ramiz Novruzov iki seriala çəkilib, Rövşən İsakla işləyib.
Nə həyatından, nə sənət yolundan narazı adam deyildi, əksinə.
Həyatında hər şey yerbəyer olub. Görəsən, istədiyi, uğrunda yaşadığı nə isə varmı?-sualıma verdiyi cavab indiyə qədər yadımdadır: “Təbii ki, bunsuz həyat dayanar: “Yazmaq istədiklərim var… Bir də tam səmimi deyirəm: Azərbaycanı bütöv görmək istəyirəm”.
Tarixi Azərbaycan torpaqlarını tam bütöv görməsə də, Azərbaycan Respublikasının 30 il işğalda qalmış Qarabağının geri qaytarılmasını gördü.

Xalq artisti Ramiz Novruz 21 fevral 2023-cü ildə uzun müddət əziyyət çəkdiyi mədə xərçəngindən vəfat etdi. “Qurd qapısı” qəbiristanlığında uyuyur. Ruhu şad olsun…
Ramilə Qurbanlı





















