Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Bakı Dövlət Universitetinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakıda Afrika Günü münasibətilə beynəlxalq konfrans keçirilib.
Afrika İttifaqının yaradılmasının ildönümünə həsr olunan tədbir Azərbaycan ilə Afrika ölkələri arasında siyasi, iqtisadi, humanitar və institusional əməkdaşlığın mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Açılış mərasimində Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıq perspektivləri vurğulanıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət”in innovativ fəaliyyəti və Afrika qitəsində həyata keçirilən əməkdaşlıq barədə təqdimat edib. O, hazırda Efiopiyada və Uqandada “ASAN xidmət” təcrübəsi əsasında xidmət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.
Təqdimat zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 4 qitədə 35-dən çox dövlətlə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb. Həmçinin “ASAN xidmət”in beynəlxalq səviyyədə əldə etdiyi uğurlar, o cümlədən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması və dayanıqlı idarəetmə modelinin formalaşdırılması istiqamətində qazandığı təcrübənin Afrika ölkələri üçün faydalı tərəfdaşlıq nümunəsi ola biləcəyi bildirilib.
Tədbir müddətində “Azərbaycan–Afrika münasibətləri: mövcud dinamika və strateji potensial” və “Agenda 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu” mövzularında panel müzakirələri keçirilib.





















