İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” düsturundan ilhamlanaraq hazırlanan Azərbaycan-Türkiyə ortaq oxu proqramının açılış paneli Bakıda keçirilib.
Azərbaycan Beynəlxalq Maarif Məktəbləri Gənclik Kampusunda keçirilən tədbirdə diplomatiya, ədəbiyyat və akademiya nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.
Türk dünyasında ədəbiyyat nümunələrinin qarşılıqlı şəkildə oxunması və daha dərindən anlaşılması məqsədi daşıyan layihə 2025-ci ilin oktyabrında Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilməyə başlayıb.
Layihə çərçivəsində Türkiyədən 90 məktəb və 27 universitet tələbəsi Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə, Anar Rzayev və Elçin Əfəndiyev kimi Azərbaycanın tanınmış ədiblərinin əsərlərini oxuyaraq əldə etdikləri fikir və nəticələri yazılı mətnlərə çeviriblər.
Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən 4 müxtəlif oxu qrupundan ümumilikdə 37 şagird və tələbə Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Mehmet Akif Ərsoy, Əhməd Həmdi Tanpınar və Mustafa Kutlu kimi türk ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını araşdırıblar.
Tədbirin açılış nitqi Maarif Məktəblərinin Azərbaycan üzrə nümayəndəsi Tabip Gülbay tərəfindən edilib.
Daha sonra Maarif Məktəblərinin şagirdlərindən ibarət xor kollektivi müəllimlərin müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edib.
Əsas panelin moderatoru Azərbaycan Xəzər Universitetinin magistr tələbəsi Gülçöhrə Abbasova olub. Paneldə Türkiyənin müxtəlif şəhərlərindən layihəyə qoşulan şagird və tələbələr – Ankaradan Masal Özhekim və Fatih Əmrə Oğur, Kayseridən Sevda Orhan, Eskişehirdən isə Tülay Balıtatlı çıxış ediblər.
Şagirdlərin ədəbi məruzə və təqdimatlarından sonra tədbirdə protokol çıxışları dinlənilib.
İlk olaraq Anadolu Məktəbi Müvəkkillər Heyətinin üzvü Məhəmməd Hakan Tanrıöver çıxış edib. Ardınca Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, tanınmış yazıçı Elçin Əfəndiyevin qızı, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Səlim Babullaoğlu, Azərbaycanın tanınmış yazıçısı Sabir Rüstəmxanlı və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin Mədəniyyət Mərkəzinin nümayəndəsi Dr. Şəhlə İbişova çıxış edərək layihənin Azərbaycan-Türkiyə mədəni və ədəbi əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışıblar.
Tədbirin yekun qiymətləndirmə çıxışını “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı və tərcüməçi İmdat Avşar edib.
Sonda tədbir iştirakçılarına və layihədə iştirak edən şagirdlərə hədiyyə və sertifikatlar təqdim olunub. Proqram iştirakçıların birgə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, layihə Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı ədəbi irslə tanışlığını genişləndirməklə yanaşı, iki qardaş ölkə arasında mədəni və mənəvi bağların daha da möhkəmləndirilməsinə xidmət edir.






















