Rusiya Prezidenti Vladimir Putinin nüvə çamadanı Çinin Şençjen şəhərində keçirilən APEC sammiti zamanı kameralara tuş gəlib. Belə ki, Rusiya Dövlət Dumasının deputatı və jurnalist Yevgeni Popov Rusiya prezidentinin köməkçisinin əlindəki qara portfelə diqqət yetirərək onun içərisində həqiqətən də strateji nüvə silahlarının idarə edilməsi üçün nəzərdə tutulan qurğunun olub-olmadığını soruşub. Köməkçi isə bunu təsdiqləyib.
Qeyd edək ki, bu sistem sayəsində ali baş komandan olduğu yerdən asılı olmayaraq, nüvə silahından istifadə ilə bağlı qərar qəbul etmək və müvafiq göstərişlər vermək imkanını qoruyub saxlayır.
Bəs, Rusiya prezidentinin bu addımı hansı mesajı verir? Dünya yeni nüvə silahlanması dövrünə daxil olur?

Rusiyalı politoloq, siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova məsələ ilə bağlı “AzPolitika”ya şərhində bildirib ki, Rusiya prezidentinin xarici səfərləri zamanı nüvə çamadanının yanında olması xüsusi və fövqəladə hadisə ilə əlaqəli deyil.
Onun sözlərinə görə, Rusiya prezidentinin müəyyən edilmiş qaydalara əsasən, hətta xarici səfərləri zamanı da nüvə çamadanını daim yanında saxlaması tələb olunur. Putin əvvəlki xarici səfərləri zamanı da bu çamadanı daşıyan rusiyalı hərbçinin müşayiəti ilə dəfələrlə görüntülənib. APEC sammitində də vəziyyət eyni olub.
Poloskova nüvə çamadanının funksiyasına da aydınlıq gətirib: “Bu qurğu dövlət başçısına olduğu yerdən asılı olmayaraq, istənilən vaxt Müdafiə Nazirliyi və Baş Qərargahla əlaqə saxlamaq imkanı verir. Buraya nüvə təhlükəsi yarandığı təqdirdə qərar qəbul etmək və müvafiq əmrlər vermək imkanı da daxildir. Çamadanın daxilində bəzilərinin düşündüyü kimi, hansısa “qırmızı düymə” yerləşmir. Əslində, bu, qorunan rabitə terminalıdır. Peyk vasitəsilə komanda məntəqəsi ilə əlaqə yaratmağa imkan verən qurğu böhran vəziyyətində dövlət başçısının müvafiq əmr verməsi üçün nəzərdə tutulub. Sistem yalnız raket hücumu barədə erkən xəbərdarlıq sistemindən siqnal daxil olduqdan sonra aktivləşdirilir”.

Politoloq hesab edir ki, Putin həm də bu dəfə Rusiyanın nüvə statusunu və malik olduğu imkanları xatırlatmaq qərarına gəlib: “Üçüncü məqam isə Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüşlə əlaqələndirilir. Həmin görüşdə nüvə silahları ilə bağlı məsələlər də müzakirə olunub. Rusiya jurnalistinin prezidentin nüvə çamadanının ictimaiyyətin diqqətinə çatdırılması və bu məsələnin xüsusi vurğulanması müəyyən mənada piar gedişi də ola bilər”.
Qeyd edək ki, Vladimir Putin üçtərəfli görüşdən sonra Şençjendə keçirdiyi mətbuat konfransında ABŞ və Çin liderləri ilə nüvə silahlarının yayılmasının qarşısının alınması məsələsini müzakirə etdiklərini açıqlayıb.
“Əlbəttə, Birləşmiş Millətlər Təşkilatının mümkün islahatları və potensialının artırılması məsələlərini müzakirə etdik. Həmçinin ən geniş mənada təhlükəsizlik məsələlərindən, kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahlarının yayılmasının qarşısının alınmasından danışdıq”, – deyə Putin bildirib.





















