image-1backend

Ağdam yenidən qurulur, Qarabağ dirçəlir

image-ads-728x90

20 Noyabr Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olan əlamətdar günlərdən biridir. Bu tarix 27 ildən artıq işğal altında qalmış Ağdam şəhərinin Azərbaycana qaytarılmasını, tarixi ədalətin bərpasını və Qarabağda yeni quruculuq mərhələsinin başlanmasını təcəssüm etdirir. Qarabağın mərkəzində yerləşən bu qədim diyar zəngin tarixi, təbii sərvətləri və mədəni irsi ilə seçilir.

1993-cü il iyulun 23-də 42 gün davam edən ağır döyüşlərdən sonra Ağdam rayonunun ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun 882 kvadratkilometr ərazisi, rayon mərkəzi və 90 kəndi işğal altında qaldı. Nəticədə 128 min sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

İşğal nəticəsində Ağdamın yaşayış məntəqələri, sosial-iqtisadi infrastrukturu, tarixi və dini abidələri dağıdıldı, talan edildi. Rayonun 74 məktəbi, 271 mədəniyyət evi, 12 sənaye obyekti və digər mühüm müəssisələri məhv edildi. Ağdam Çörək Muzeyi də erməni vandalizminin qurbanına çevrildi. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan bu tələblərə əməl etmədi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər bölgədə yeni reallıqlar yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da uzun illər davam edən işğala son qoyuldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.

İşğaldan azad olunduqdan sonra Ağdamın bərpası dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş Plana əsasən, şəhərin müasir memarlıq prinsipləri əsasında yenidən qurulması, ekoloji tarazlığın qorunması, yaşıl məkanların yaradılması və müasir infrastrukturun formalaşdırılması nəzərdə tutulur. Gələcəkdə Ağdamda 100 min nəfər əhalinin yaşaması planlaşdırılır.
Şəhərlə yanaşı, rayonun kəndlərində də geniş tikinti-quruculuq işləri aparılır. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yaşayışın bərpası istiqamətində mühüm nəticələr əldə olunub, digər kəndlərdə isə layihələr davam etdirilir.

İndiyədək Ağdam şəhərində, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Bu göstəricilər illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə qayıdışının real nəticəsidir.

Ağdamın iqtisadi dirçəlişində Ağdam Sənaye Parkı mühüm rol oynayır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış və 190 hektar ərazini əhatə edən sənaye parkı yerli istehsalın inkişafına, sahibkarlığın dəstəklənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bu günə qədər parkda 37 rezident və 2 qeyri-rezident qeydiyyata alınıb. Müəssisələrə yatırılan investisiyaların həcmi 192,6 milyon manata çatıb, 1000-dən çox daimi iş yeri yaradılıb.
Nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzindədir. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı şəhərin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Müasir kompleks dəmir yolu və avtomobil nəqliyyatının vahid qovşaqda birləşdirilməsini təmin edir.

Şəhərdə məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və yaşayış kompleksləri inşa edilir. 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi isə bölgənin turizm potensialının inkişafına töhfə verir.

Ağdamın dirçəlişi onun tarixi-mədəni irsinin bərpası ilə də müşayiət olunur. 2024-cü il sentyabrın 19-da İmarət Kompleksi bərpadan sonra istifadəyə verilib. Ağdam Cümə məscidi və Qiyaslı məscidi də bərpa edilərək yenidən xalqımızın istifadəsinə təqdim olunub.

2025-ci il mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışı şəhərin mədəni həyatında mühüm hadisədir. 474 yerlik konsert zalı, 15 dərs otağı və 615 tamaşaçı tutumlu açıq amfiteatrı olan mərkəz muğam sənətinin qorunmasına, tədrisinə və təbliğinə xidmət edir.

İmarət Kompleksində Qarabağ atlarının nümayişi, Şahbulaq qalasının tarixi əhəmiyyətinin tanıdılması və digər mədəni layihələr Ağdamın turizm imkanlarının genişlənməsinə şərait yaradır.
Bu gün Ağdam dağıntıların deyil, quruculuğun, ümidsizliyin deyil, gələcəyə inamın, məcburi köçkünlüyün deyil, doğma yurda qayıdışın ünvanıdır. Şəhərdə aparılan bərpa işləri, yeni müəssisələrin yaradılması, sosial və mədəni obyektlərin istifadəyə verilməsi Azərbaycanın gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirir.
20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının ildönümü deyil, həm də xalqımızın tarixi Zəfərinin, dövlətimizin qətiyyətinin və Böyük Qayıdışın rəmzidir.

Ağdam yenidən dirçəlir, öz tarixi şöhrətinə qovuşur və Qarabağın mühüm inkişaf mərkəzlərindən birinə çevrilir.

Vasif Qafarov,
Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki