“Google” şirkətinə məxsus “YouTube” video platforması şagirdlərin psixi sağlamlığına zərər vurmaqda ittiham olunduğuna görə ABŞ-da minlərlə məktəb dairəsinə təxminən 3 milyard dollar ödəməyə hazırlaşır.
Korrekt.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “YouTube” ölkə üzrə minlərlə məktəb dairəsinin irəli sürdüyü iddiaları həll etmək məqsədilə milyardlarla dollarlıq razılaşmanın şərtlərini yekunlaşdırır.
İddialarda platformanın şagirdlər arasında asılılıq yaradan mexanizmlər formalaşdırdığı, bunun isə onların psixi sağlamlığına və ümumi rifahına mənfi təsir göstərdiyi bildirilir.
Mənbələrin məlumatına əsasən, tərəflər təxminən 3 milyard dollar məbləğində ödənişlə bağlı prinsipial razılığa gəliblər.
Razılaşma məhz bu şərtlərlə rəsmiləşdirilərsə, ABŞ tarixində bir şirkətin məktəb dairələri ilə bağladığı ən böyük məhkəmə mübahisəsi üzrə barışıq sazişlərindən biri olacaq.





















