Almaniyanın avtomobil nəhəngi Volkswagen maliyyə xərclərini azaltmaq məqsədilə əməkdaşlarına qarşı sərt qənaət tədbirləri tətbiq etməyə hazırlaşır. Şirkət işçilərin maaşlarının iki il müddətinə dondurulmasını, bonusların ləğvini və iş saatlarına dair mövcud qaydaların dəyişdirilməsini təklif etməyi planlaşdırır.
Reuters agentliyinin noyabrın 20-də yaydığı məlumata görə, bu tələblər Volkswagen rəhbərliyinin həmkarlar ittifaqı ilə qarşıdakı danışıqlarda irəli sürəcəyi təkliflərə daxildir.
IG Metall həmkarlar ittifaqının baş danışıqçısı Torsten Qreqer şirkət rəhbərliyinin mövqeyini kəskin tənqid edib. O, Volkswagen-in icraçı şurasının bu addımını işçilərə qarşı xəyanət kimi qiymətləndirib.
Şirkət yalnız əməkhaqlarının artırılmasından imtina etməklə kifayətlənmək istəmir. Təkliflər arasında əməkdaşlara verilən həvəsləndirici bonusların və əlavə məzuniyyət günlərinin ləğvi də var. Bundan başqa, rəhbərlik həftəlik 35 saatlıq iş rejiminə dair razılaşmaya yenidən baxaraq əlavə ödəniş etmədən daha uzun növbələrin tətbiqinə şərait yaratmağa çalışır.
IG Metall bu təşəbbüslərə qarşı olduğunu açıqlayıb. Qreqer xəbərdarlıq edib ki, şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında qarşıdurma uzun və mürəkkəb xarakter ala, Volkswagen üçün ciddi nəticələr doğura bilər.
Təxminən 120 min işçinin maraqlarını əhatə edən danışıqların noyabrın 24-də Almaniyanın Emden şəhərində başlaması gözlənilir.
Qeyd edək ki, Volkswagen-in yenidənqurma planları daha genişmiqyaslı ixtisarları da nəzərdə tutur. Plana əsasən, 2030-cu illərin əvvəllərinədək dörd zavodun bağlanması və təxminən 100 min iş yerinin ixtisarı gündəmə gələ bilər.
Şirkətin maliyyə vəziyyəti də diqqət çəkir. Reuters-in məlumatına görə, Volkswagen-in bazar kapitallaşması ilin əvvəlindən bəri 37,6 faiz azalaraq 32,57 milyard avroya geriləyib.





















