Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır. Enerji sektorunda uzun illərə söykənən tərəfdaşlıq, qarşılıqlı ticarətin artması, Vyetnam şirkətlərinin ölkəmizə investisiya marağı və tranzit daşımalarının həcminin yüksəlməsi ikitərəfli münasibətlərin iqtisadi məzmununu zənginləşdirir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirdiyi fikirlər də bu əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini aydın göstərir.
İkitərəfli münasibətlərin inkişafında 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi mərhələ hesab olunur. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat qəbul edilib. Bu sənəd iqtisadi, energetika, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün siyasi zəmin yaradıb.
Ticarət əlaqələrindəki göstəricilər də tərəfdaşlığın iqtisadi əhəmiyyətini nümayiş etdirir. 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153,41 milyon ABŞ dolları təşkil edib. Prezident İlham Əliyev müsahibəsində bu göstəricinin real iqtisadi imkanları tam əks etdirmədiyini də vurğulayıb. Əslində, qarşılıqlı ticarətin genişləndirilməsi üçün kifayət qədər geniş əməkdaşlıq istiqamətləri mövcuddur. Hazırda tərəflər qeyri-neft məhsullarının ticarətinin artırılması, ixrac imkanlarının şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqini prioritet hesab edirlər.
Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin ənənəvi və mühüm istiqamətlərindən biri energetika, xüsusilə neft sənayesi ilə bağlıdır. 1981-ci ildə Sovet İttifaqı ilə Vyetnamın birgə müəssisəsi olan “Vietsovpetro”nun yaradılmasında azərbaycanlı neft mütəxəssislərinin böyük rolu olub. Müəssisənin ilk baş direktoru həmyerlimiz Cəlal Məmmədov təyin edilib.
Azərbaycanlı neftçilərin Vyetnamın neft sənayesinin formalaşmasındakı xidmətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın möhkəm tarixi təməlini yaradıb. Müxtəlif dövrlərdə 2 minədək azərbaycanlı neftçinin bu prosesə cəlb olunması, yerli mütəxəssislərin hazırlanmasına göstərilən dəstək və təcrübə mübadiləsi həmin tərəfdaşlığın miqyasını göstərir. Bu tarixi əməkdaşlıq hazırda yeni məzmun qazanır. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi enerji tərəfdaşlığının əsas istiqamətlərindən biridir.
Əməkdaşlığın real iqtisadi nəticələri də var. Belə ki, 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox Azərbaycan nefti tədarük edilib. Tərəflər gələcəkdə Azərbaycan xam neftinin Vyetnam neft emalı zavodlarına tədarükünün davam etdirilməsi, neft-qaz yataqlarının işlənilməsi, neft emalı, neft-kimya və neft-mədən xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçirirlər. Vyetnama mayeləşdirilmiş təbii qazın tədarükü məsələsi də müzakirə olunan istiqamətlər arasındadır.
Azərbaycan-Vyetnam iqtisadi münasibətlərində diqqətçəkən istiqamətlərdən biri də nəqliyyat və tranzit daşımalarıdır. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılmasında ölkəmizin rolunu artıra bilər.
Bu sahədə artıq müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla bağlı tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8,3 min tona çatıb. Bu artım iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm göstəricidir.
Azərbaycanın Orta Dəhliz və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindəki mövqeyi Vyetnam üçün əlavə logistika imkanları yaradır. Bu marşrutlardan səmərəli istifadə etməklə Cənub-Şərqi Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların təşkili mümkündür. Eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsi yük axınlarının artmasına, logistika xidmətlərinin inkişafına və ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.
Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlığın perspektivləri enerji və nəqliyyat sektorları ilə məhdudlaşmır. Sənaye, kənd təsərrüfatı, qida məhsullarının istehsalı və emalı, tikinti, xidmətlər və texnologiya sahələrində də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur.
Vyetnamın istehsal və ixrac yönümlü iqtisadi təcrübəsi ilə Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları və logistika infrastrukturu bir-birini tamamlayan üstünlüklərdir. Bu amillər qarşılıqlı ticarətin artırılması ilə yanaşı, birgə istehsal müəssisələrinin yaradılması, investisiya layihələrinin reallaşdırılması və yeni bazarlara çıxış üçün də əlverişli şərait formalaşdıra bilər.
Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, Azərbaycan Cənubi Qafqazda mühüm logistika və energetika habı, Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biridir. Bu iki ölkənin imkanlarının birləşdirilməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətlərində uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq ənənələri indi daha geniş iqtisadi məzmun qazanır. Qarşıdakı mərhələdə əsas vəzifə mövcud siyasi etimadı konkret investisiya layihələrinə, istehsal təşəbbüslərinə, artan ticarət dövriyyəsinə və dayanıqlı logistika əlaqələrinə çevirməkdir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət iki ölkənin iqtisadi tərəfdaşlığını daha yüksək səviyyəyə yüksəldə bilər.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru





















