image-img-20261122-wa0071backend

Hüquqi bilik ədalətin təməlidir

image-ads-728x90

İnsan hüquqları hər bir fərdin azad, ləyaqətli və təhlükəsiz yaşamasının əsas təminatıdır. Hüquq və azadlıqlar insanın ayrılmaz təbii sərvəti olmaqla yanaşı, demokratik və hüquqi dövlətin ən mühüm dəyərlərindən biridir. Müasir dövrdə hüquqi biliklərin artırılması və əhali arasında hüquq mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki hüquqlarını bilməyən insan bəzən haqsızlıqla üzləşdikdə özünü müdafiə etmək imkanlarından xəbərsiz olur.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Konstitusiyamızın 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu müddəa insan amilinə verilən yüksək dəyərin, insan ləyaqətinin və hüquqlarının qorunmasının hüquqi əsasını təşkil edir. Azərbaycan Respublikası qanunların aliliyi prinsipini təmin edən və qoruyan güclü hüquqi dövlətdir.  Bunun üçün ölkənin həm müasir milli qanunverici bazası, həm də vətəndaşların pozulmuş hüquqlarının müdafiəsini təmin edən güclü dövlət strukturları mövcuddur.
2017-ci ilin noyabrında qəbul edilən qanunvericilik dəyişikliklərinə əsasən məhkəmələrdə nümayəndəlik institutu ləğv edilib və təmsilçilik əsasən vəkillik institutu ilə əvəzlənib. Statistik məlumatlardan göründüyü imi, vəkillərin böyük hissəsi paytaxtda cəmləşib, regionlarda isə çatışmazlıq daha kəskin hiss olunur, bölgələrdə hüquqi yardıma əlçatanlıq, həm də ixtisaslaşmış vəkillərin sayı aktual mövzu olaraq qalır.
“Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi vəkil çatışmazlığı fonunda xüsusilə aztəminatlı vətəndaşların hüquqi yardıma çıxışının çətinliyini, regionlarda yaşayan imkansız ailələrin vəkil xidmətlərinə əlçatanlığının zəif olmasını, vəkil orderinin və xidmət haqlarının artdığını nəzərə alaraq 20 ildən artıqdır ki, imkanları daxilində hüquqi yardım göstərir. İctimai Birliyinin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən vətəndaşların rifahı naminə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Yeganə donorumuz olan Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə cəmiyyəti narahat edən bir sıra problemlərin aradan qaldırılmasına kömək oluruq. İB 2022-ci ildə “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” layihəsini, 2023-cü ildə “Qadınlar özünüməşğulluq proqramında-öyrənək və öyrədək” adlı tədbirlərin təşkili layihəsini, 2024-cü ildə isə “Məişət zorakılığına məruz qalmış ailələrə hüquqi xidmət” adlı layihəni uğurla həyata keçirib. Məişət zorakılığı gender bərabərsizliyindən, hüquqi maarifləndirmənin zəifliyindən, iqtisadi asılılıqdan və cəmiyyətdəki yanlış stereotiplərdən qaynaqlanan sosial problemdir. İB həyata keçirdiyi layihələr çərçivəsində belə qənaətə gəlmişdir ki, bu problemin əsas səbəbləri aşağıdakılardır: hüquqi biliklərin azlığı, gender bərabərsizliyi və stereotiplər, patriarxal yanaşmalar, ailədaxili rolların qeyri-bərabər bölünməsi, iqtisadi və sosial asılılıq, cəzasızlıq və şikayətlərin geri götürülməsi. Hüquqi biliklərin, qanunun təşviqi insanlara qanunvericiliyi anlamaq, öz hüquq və azadlıqlarını tanımaq, pozulmuş hüquqlarının bərpası yollarını öyrənmək imkanı yaradır.
İctimai Birliklər imkanları, bilik və bacarıqları daxilində hüquqi maarifləndirmənin fəal iştirakçısı olmalı, vətəndaşları hüquq və qanunlar barədə məlumatlandırmalı, haqsızlığa, ayrı-seçkiliyə və hüquq pozuntularına qarşı laqeyd qalmamalıdır. Çünki hüquqi bilik azadlığın, ədalətin və insan ləyaqətinin qorunmasında ən güclü vasitələrdən biridir. Hüquqi maarifləndirmə hüquqlarımızın qorunmasının və ədalətli cəmiyyətin qurulmasının əsas şərtlərindəndir. Hüquqlarını bilən vətəndaş – güclü dövlətin, hüquqa hörmət edən cəmiyyət isə sağlam gələcəyin təminatıdır.

“Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Xanım Əhmədzadə

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki