image-timthumbbackend

Kuşnerdən sensasion açıqlama: Rusiya Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlərə razılaşıb

image-ads-728x90

ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Vaşinqtonun Moskvanı müharibədən sonrakı Ukraynanın təhlükəsizliyinə dair NATO-nun 5-ci maddəsinə bənzər zəmanət modelini qəbul etməyə razı sala bildiyini bildirib.

Korrekt.az xəbər verir ki, Kuşner bu barədə Berlində Avropa liderləri ilə keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, ABŞ tərəfi Ukraynanın təhlükəsizliyinə dair istənilən zəmanətin daha geniş razılaşmalar paketinin tərkib hissəsi olmasının vacibliyini müdafiə edir.

“Düşünürəm ki, rusları Ukraynaya veriləcək istənilən təhlükəsizlik zəmanətinin NATO-nun 5-ci maddəsinə əsaslanması konsepsiyasına alışdıra bilmişik”, – deyə Kuşner bildirib.

ABŞ rəsmisi Rusiyada bu yanaşmaya qarşı ciddi şübhə və etimadsızlığın olduğunu da etiraf edib. Onun fikrincə, məhz buna görə Avropa ilə Rusiya arasında dialoqun bərpası vacibdir.

Kuşner əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasına müsbət yanaşır. Lakin belə bir razılaşma ABŞ-ın milli maraqlarına uyğun olmalı və daha geniş təhlükəsizlik paketinin tərkibinə daxil edilməlidir.

Qeyd edək ki, NATO-nun 5-ci maddəsinə əsasən, alyansın üzvü olan dövlətlərdən birinə silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir.

Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenski təklif olunan zəmanətlərin mahiyyəti ilə bağlı sualların qaldığını bildirib. Onun fikrincə, NATO-nun 5-ci maddəsinə bənzər real təhlükəsizlik mexanizmi konkret müdafiə öhdəliklərini, o cümlədən tərəfdaş ölkələrin hərbi iştirakını nəzərdə tutmalıdır.

Hələlik Moskva Kuşnerin Rusiyanın bu konsepsiyaya razılaşması ilə bağlı açıqlamasını rəsmi şəkildə təsdiqləməyib. Buna görə də söhbət yekun razılaşmadan deyil, ABŞ nümayəndəsinin danışıqların gedişinə dair qiymətləndirməsindən gedir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki