image-1backend

Təcili yardımı süni intellekt idarə edəcək?- Həkimdən vacib XƏBƏRDARLIQ

image-ads-728x90

Təcili tibbi yardım xidmətində süni intellektin tətbiqi xəstələrə yardımın təşkili və çağırışlara daha operativ reaksiya verilməsi baxımından yeni imkanlar yarada bilər. Bu texnologiya çağırışların təcili dərəcəsinin müəyyənləşdirilməsinə, tibbi məlumatların təhlilinə və briqadaların işinin daha səmərəli təşkilinə kömək edə bilər.

Lakin süni intellektin tətbiqi bir sıra sualları da gündəmə gətirir: bu sistem həqiqətən xəstəyə yardımın sürətlənməsinə səbəb olacaqmı, həkimin qərarvermə prosesinə necə təsir göstərəcək və mümkün səhvlərə görə məsuliyyət kimə aid olacaq?

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov  danışıb.

Mütəxəssisin sözlərinə görə, süni intellektin tətbiqi həyatın bütün sahələrində olduğu kimi, tibdə, o cümlədən təcili tibbi yardım sahəsində də proseslərin əhəmiyyətli dərəcədə sürətlənməsinə və operativ qərarların qəbuluna imkan verəcək:

“Lakin burada yalnız qərarların qəbul edilməsi deyil, onların icrası məsələsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan süni intellektin proseslərin sinxronlaşdırılması, koordinasiyası və optimallaşdırılması istiqamətində böyük potensialı var.

İlk növbədə pasiyentə vaxtında çatmaq və tibbi yardımın əlçatanlığını təmin etmək baxımından süni intellekt vasitəsilə koordinasiya imkanları xeyli genişləndirilə bilər. İkinci tərəfdən, diaqnostik proseslərə sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Üçüncü tərəfdən isə mövcud alqoritmlər əsasında süni intellekt müalicə prosesində qərarların daha sürətli qəbul edilməsinə və onların keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər”.

Bununla belə, mütəxəssis hesab edir ki, bütün bu proseslərdə insan amili əsas rolunu qoruyub saxlamalıdır:

“Prosesin mərkəzində yenə də insan amili dayanır. Hazırkı texnoloji baza sistemin bütün hallarda qüsursuz işləyəcəyinə zəmanət vermir. Buna görə də süni intellektin iştirakı ilə qəbul edilən qərarların insan nəzarəti altında həyata keçirilməsi mütləqdir.

Digər tərəfdən, mövcud biliklərin süni intellekt sistemlərində yetərli səviyyədə cəmləşdirilməsi və bu texnologiyaların təkmilləşdirilməsi üçün də müəyyən zamana ehtiyac var. Süni intellektdən istifadə edən təcili tibbi yardım sistemlərinin gələcək illərdə daha səmərəli fəaliyyət göstərəcəyini gözləmək olar. Çünki sistem tətbiq olunduqca, onun hansı istiqamətlərdə təkmilləşdirilməsinə ehtiyac olduğu daha aydın görünəcək. Bu imkanlar isə yalnız praktiki təcrübə və proses zamanı əldə olunan göstəricilər əsasında formalaşa bilər.

Bu baxımdan hesab edirəm ki, süni intellektin tətbiqi, ilk növbədə, qaçılmazdır. Artıq elə bir dövrdə yaşayırıq ki, bu texnologiyalardan istifadə etmədən inkişafı təsəvvür etmək çətindir. Bununla yanaşı, keçid dövründə insan amili öz əhəmiyyətini qoruyub saxlamalı, süni intellektin fəaliyyəti mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir”.

Mütəxəssis qeyd edib ki, burada diqqət yetirilməli olan digər mühüm məqam kadr hazırlığıdır:

“Süni intellekt qərarların qəbulunu sürətləndirsə də, həmin qərarların icrası və nəticələrinin reallaşdırılması yenə də insanların üzərinə düşür. Buna görə də tibb işçilərinin və digər aidiyyəti mütəxəssislərin hazırlıq səviyyəsi artırılmalı, onlar daha operativ işləmək və texnologiyanın yaratdığı imkanlardan səmərəli istifadə etmək bacarığına yiyələnməlidirlər. Yalnız bu halda süni intellektin qazandırdığı vaxta və sürətə uyğun şəkildə real nəticələr əldə etmək mümkün olacaq.

Beləliklə, hesab edirəm ki, süni intellektdən daha optimal şəkildə istifadə etmək üçün hələ müəyyən zamana ehtiyac var. Bununla belə, bu istiqamətdə işlərə indidən başlamaq son dərəcə aktual və vacibdir”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki