Belçikanın Baş naziri Bart De Vever Ankarada keçirilən NATO sammitindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyə etdiyi fərdiləşdirilmiş revolverlə ölkəsinə qayıdıb. Maraqlıdır ki, Baş nazir hədiyyə qutusunda silah olduğunu yalnız Belçikaya çatdıqdan sonra öyrənib.
Korrekt.az xəbər verir ki, Belçikanın Belga agentliyi və De Morgen qəzetinin yaydığı məlumata görə, Ərdoğan NATO sammitində iştirak edən dövlət və hökumət başçılarına diplomatik hədiyyə kimi üzərində adları həkk olunmuş revolver və altı patron təqdim edib.
Məlumata əsasən, Bart De Vever Melsbruk hərbi hava limanına endikdən sonra hədiyyə qutusunu açıb və içərisində revolver olduğunu görüb. Bundan sonra o, silahı hava limanının polis bölməsinə təhvil verib. Revolver hazırda polis tərəfindən xüsusi silah seyfində saxlanılır.
Nəşrin yazdığına görə, NATO liderlərinin hər biri hədiyyə ilə bağlı fərqli qərar verib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, revolver bütün NATO liderlərinə təqdim olunub. O, silahı Türkiyədə saxlayıb. Starmer bunu Böyük Britaniyanın silah idxalı ilə bağlı qanunvericiliyi ilə əlaqələndirib və qeyd edib ki, Ərdoğanın ixracla bağlı qeydinə baxmayaraq, revolverin ölkəyə gətirilməsi qanunsuz olardı.
Almaniya kansleri Fridrix Mersin sözçüsü isə açıqlayıb ki, kanslerin aldığı revolver qanuni prosedurlar tamamlandıqdan sonra Almaniyanın rəsmi diplomatik hədiyyələr kolleksiyasına daxil edilməsi üçün səfirliyə təhvil verilib.
Niderlandın Baş naziri Rob Yetten də analoji addım ataraq, revolveri təhlükəsiz şəkildə saxlanılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi üçün aidiyyəti qurumlara təhvil verib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti iştirakçılarına fərdiləşdirilmiş revolver hədiyyə etməsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.





















