image-04abcd08b3fcbeb1a8466ddbe059d637backend

Batumiyə getmək istəyənlər oxusun- Kirayə, ərzaq, restoran qiymətləri

image-ads-728x90

Son illər Batumi təkcə Gürcüstanın turizm mərkəzi deyil, həm də yaşamaq, işləmək və daşınmaz əmlak almaq istəyənlər üçün cəlbedici şəhərlərdən birinə çevrilib. Batumi Azərbaycana ən yaxın dəniz kurortlarından biridir. Yay aylarında minlərlə azərbaycanlı çimərlik istirahəti üçün bu şəhərə üz tutur. Qara dəniz sahili, bulvar, əyləncə məkanları və mülayim iqlim əsas üstünlüklər sırasındadır.Azərbaycanla Gürcüstan arasında quru sərhədinin açıq olduğu dövrlərdə Batumiyə avtomobillə getmək rahat olub. Hazırda isə Bakı-Tiflis qatarı və hava nəqliyyatı ilə səyahət edilir. 

Azərbaycan və Gürcüstan arasında vizasız gediş-gəliş rejimi mövcuddur ki, bu da səfərləri asanlaşdıran əsas amillərdən biridir. Nəticə etibarilə, azərbaycanlılar Batumiyə əsasən istirahət, daşınmaz əmlak investisiyası, biznes, uzaqdan işləmək, əyləncə və əlverişli yaşayış imkanları üçün üz tuturlar. Bu amillər Batumini Azərbaycan vətəndaşları üçün ən populyar xarici şəhərlərdən birinə çevirib.Bu səbəbdən ən çox verilən suallardan biri də belədir: Batumidə hazırda yaşamaq üçün ayda nə qədər vəsait lazımdır?

Batumi hələ də kirayə qiymətləri baxımından Tiflisidən təxminən 15–20 faiz daha əlverişli hesab olunur. Bunun əsas səbəbi yeni tikililərin sayının çox olması və paytaxtla müqayisədə investisiya təzyiqinin daha zəif olmasıdır.

Beləliklə:

Yaxşı təmirli studiya mənzilin aylıq kirayəsi – 300 dollardan başlayır;
Birotaqlı (1+1) mənzillər – 500–600 dollar;
Dəniz mənzərəli ikiotaqlı yeni tikili mənzillər isə 800–1000 dollar arasında dəyişir.

Mütəxəssislər bildirirlər ki, yay aylarında qısamüddətli kirayə qiymətləri kəskin artsa da, 11–12 aylıq müqavilə bağlayanlar mövsümi bahalaşmadan təsirlənmirlər.

Kommunal xidmətlər

Batuminin rütubətli iqlimi qış aylarında isitmə xərclərini artırır.

Orta hesabla yay mövsümündə elektrik, su və məişət tullantılarının yığılması üçün 50 dollar;
Qış aylarında isə 80–100 dollar xərclənir. İnternet və mobil rabitə xidmətlərinin aylıq dəyəri isə 10–15 dollar təşkil edir ki, bu da Avropa ölkələri ilə müqayisədə kifayət qədər münasib hesab olunur.

Ərzaq xərcləri

Gündəlik ərzaq büdcəsi alış-veriş edilən məkandan asılı olaraq dəyişir.Yerli bazarlarda mövsümi tərəvəz və meyvələr daha sərfəlidir:

Pomidor və xiyar – 2–5 lari/kq;
Göyərti – 1–2 lari;
Ət və balıq isə supermarketlərlə müqayisədə daha ucuz satılır.

Supermarketlərdə yerli süd məhsulları münasib qiymətə təklif olunur. Hazır xinkalinin bir ədədi təxminən 0,25 dollara başa gəlir. İdxal məhsulları – pendirlər, zeytun, ekzotik meyvələr və xarici istehsal olan ərzaqlar isə Moskva bazarındakı qiymətlərlə müqayisə edilə biləcək səviyyədədir.Evdə əsasən yerli məhsullarla qidalanan bir nəfərin aylıq ərzaq xərci 150–200 dollar, gündəlik ət və süd məhsullarından istifadə edildikdə isə 250 dollara qədər yüksəlir. Üç nəfərlik ailənin ərzaq büdcəsi orta hesabla 400–500 dollar təşkil edir.

Restoran və kafelərdə qiymətlər

Batumi ictimai iaşə baxımından da münasib şəhərlərdən hesab olunur.

Sadə kafedə nahar – 4–7 dollar;
Restoranda iki nəfərlik şam yeməyi – 15–25 dollar;
Küçə yeməkləri isə bundan da ucuzdur. Şəhərin mərkəzi və bulvar ətrafında qiymətlər daha yüksək olsa da, bir neçə küçə aralıda yerləşən obyektlərdə eyni xidmətləri 1,5–2 dəfə ucuz əldə etmək mümkündür.

Nəqliyyat xərcləri

Батуми, АджарияBatuminin ictimai nəqliyyatı da münasib qiymətləri ilə seçilir.

Avtobus bileti – 1 lari;
Günlük limitsiz istifadə kartı – 3 lari.Şəhərdaxili taksi sifarişləri adətən 3,5–7 lari, dəmiryolu vağzalından mərkəzə qədər isə təxminən 10 lari təşkil edir.

Şəxsi avtomobil istifadəçiləri üçün:

Benzin – təxminən 1 dollar/litr;
Mərkəzdə parklanma – saatı 0,5–1 lari.

Batumidən Tiflisə sürətli qatarla səfər isə 10–15 dollara başa gəlir və yol təxminən 5 saat davam edir.

Batumidə yaşamaq üçün aylıq büdcə

Büdcəli həyat tərzi (1 nəfər)
Kirayə – 300 dollar
Ərzaq – 180 dollar
Nəqliyyat – 15 dollar
Rabitə – 12 dollar
Kafe – 30 dollar
Tibbi sığorta – 30 dollar
Kommunal xidmətlər – 50–80 dollar

Ümumi aylıq xərc: 600–650 dollar.

Rahat həyat tərzi (1 nəfər)
Mənzil – 600 dollar
Qidalanma – 250 dollar
Nəqliyyat – 50 dollar
Rabitə – 15 dollar
Kafe və restoranlar – 100 dollar
Fitnes – 40 dollar
Tibbi sığorta – 40 dollar
Kommunal xidmətlər – 50–80 dollar

Ümumi aylıq büdcə: 1150–1200 dollar.

Picture backgroundŞəxsi avtomobil saxlanıldıqda yanacaq, parklanma və texniki xidmət xərcləri əlavə olunaraq aylıq büdcə 1300–1600 dollara yüksəlir. Üç nəfərlik ailənin rahat yaşayışı üçün isə aylıq 1800 dollardan başlayan büdcə tələb olunur.

Qiymətləndirmələr göstərir ki, Batumi 2026-cı ildə də Qara dəniz sahilində münasib yaşayış xərcləri təklif edən şəhərlərdən biri olaraq qalır. Şəhərdə tək yaşayan bir nəfər təxminən 700–900 dollar aylıq büdcə ilə rahat həyat sürə bilər. Ailə üçün isə 1800 dollar və daha çox büdcə komfortlu yaşayış, avtomobil və müntəzəm istirahət xərclərini qarşılamağa imkan verir. Bu göstəricilər Batumini həm uzunmüddətli yaşayış, həm də daşınmaz əmlaka investisiya baxımından regionun diqqət çəkən şəhərlərindən biri kimi ön plana çıxarır.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki