image-1backend

“Bölgədə vəziyyət artıq nəzarətdən çıxmağa başlayıb”- Politoloq

image-ads-728x90

“Bu gecə gözlənilən hücum baş verdi və artıq regionda sülhün bərqərar olması əvvəlki dövrlərlə müqayisədə daha çətin görünür.” — bu fikirləri saytımıza geniş açıqlamasında politoloq Arzuman Muradlı səsləndirib.

Politoloq bildirib ki, son günlər Yaxın Şərqdə baş verən hadisələr bölgədə təhlükəsizlik balansını ciddi şəkildə pozub və proseslərin daha təhlükəli mərhələyə keçməsi ehtimalını artırıb. Onun sözlərinə görə, İran və ABŞ arasında münasibətlər artıq kritik həddə çatıb və tərəflər arasında diplomatik dialoqun bərpası əvvəlki qədər real görünmür.

“Bu gecə baş verən hücum əslində gözlənilən idi. Son həftələr tərəflər arasında qarşılıqlı ittihamlar, sərt bəyanatlar və hərbi hazırlıq mesajları regionda böyük qarşıdurma riskinin artdığını göstərirdi. Hazırda həm İran, həm də ABŞ baş verən hadisəyə görə bir-birini ittiham edir. Lakin reallıq ondan ibarətdir ki, bölgədə vəziyyət artıq nəzarətdən çıxmağa başlayıb”, — deyə politoloq qeyd edib.

Arzuman Muradlı vurğulayıb ki, gərginliyin artması yalnız siyasi və hərbi sahədə deyil, iqtisadi müstəvidə də ciddi təsirlər yaradır. Onun sözlərinə görə, İranın BƏƏ-ni hədəf alması beynəlxalq enerji bazarına da dərhal təsir edib.

“İranın BƏƏ istiqamətində addımları və regionda enerji marşrutlarının təhlükə altına düşməsi dünya bazarında neft qiymətlərinin yenidən artmasına səbəb olub. Bu isə qlobal iqtisadiyyat üçün əlavə risklər yaradır. Çünki Yaxın Şərq dünya enerji təhlükəsizliyində əsas bölgələrdən biridir və burada baş verən hər hansı hərbi eskalasiya birbaşa bazarlara təsir göstərir”, — deyə o bildirib.

Politoloqun fikrincə, əgər yaxın günlərdə tərəflər arasında diplomatik kanallar işə düşməzsə, region daha genişmiqyaslı qarşıdurma ilə üz-üzə qala bilər.

“Hazırkı vəziyyətdə ən böyük təhlükə proseslərin nəzarətsiz şəkildə genişlənməsidir. Çünki bölgədə müxtəlif dövlətlərin və silahlı qrupların maraqları toqquşur. Bu isə lokal hadisənin qısa müddətdə beynəlxalq böhrana çevrilməsi riskini artırır”, — deyə Arzuman Muradlı əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki