bp-dən bildirilib ki, operatorluğun ötürülməsi BTC boru kəmərinin hər üç – Azərbaycan, Gürcüstan və Türkiyə hissəsini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir. Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq sazişlərə əsaslanır. Ötürülmə Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, hər üç ölkədəki bütün ayrıca BTC obyektlərini və fəaliyyətləri, eləcə də BTC/CQBK-yə aid ümumi fəaliyyətləri əhatə edir.
Səngəçal terminalının operatorluğu dəyişməz qalır – bp bu obyektin operatorluğunu icra etməkdə davam edəcək. BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.
“Bu gün elan etdiyimiz mərhələ BTC layihəsi üçün əlamətdar bir hadisədir. Çox qürurluyuq ki, BTC-nin operatoru kimi onun uzun illərdir davam edən təhlükəsiz, etibarlı və yüksək səmərəli fəaliyyətinin icraçısı olmuşuq – istər üç ildən artıq bir müddətdə – boru kəmərinin üç tranzit ölkə ərazisində görünməmiş bir miqyasda və texniki baxımdan son dərəcə mürəkkəb tikinti prosesinə rəhbərlik etməyimiz olsun, istərsə də ondan sonrakı iyirmi ildən artıq bir müddətdə kəmərin səmərəli və təhlükəsiz istismarını təmin etməyimiz olsun. Bütün bu müddət ərzində BTC dünya bazarlarına etibarlı neft ixracı yolu kimi enerji təhlükəsizliyini gücləndirib. Əminik ki, SOCAR da BTC əməliyyatlarının təhlükəsiz, etibarlı və mükəmməl icrasını davam etdirərək eyni dərəcədə yüksək standartları qoruyub saxlayacaq. Biz də BTC və CQBK layihələrinin səhmdarı kimi SOCAR və digər tərəfdaşlarımızla sıx və uzunmüddətli tərəfdaşlığımızı davam etdirəcəyik. Həmçinin BTC sisteminin bp tərəfindən idarə olunduğu müddət ərzində göstərdikləri davamlı dəstək, əməkdaşlıq və etimada görə BTC Co. İdarə Heyətinə və bütün tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk”, – deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.
“Bakı–Tbilisi–Ceyhan boru kəməri Azərbaycanın uzaqgörən enerji strategiyasının, möhkəm beynəlxalq tərəfdaşlıqların və uzunmüddətli əməkdaşlıq öhdəliyinə birgə sadiqliyinin davamlı göstəricisidir. Ötən iyirmi il ərzində BTC Azərbaycanın davamlı inkişafına mühüm töhfə verib, regional əməkdaşlığı gücləndirib və qlobal enerji təhlükəsizliyini artırıb. BTC-nin operatorluğunun BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemlərinin ümumi operatorluğu ilə birgə SOCAR-a ötürülməsi şirkətin dünya səviyyəli enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirən mühüm bir mərhələdir. SOCAR bu strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək öhdəliyinə tam sadiq qalaraq onun regional və qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcək”,- deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd edib.
Bundan əvvəl, müvafiq sazişlərə uyğun olaraq bu il iyunun 8-də Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərindəki obyektləri müvafiq olaraq Azərbaycan (SMO) və Gürcüstan (Gürcüstan Neft və Qaz Korporasiyası – GOGC) hökumətləri adından çıxış edən qurumlara geri təhvil verilib.
“SOCAR Midstream Gas Operations” MMC (SOCAR MGO) 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur və bu müddət ərzində, BTC və CQBK üzrə ümumi fəaliyyətlərin idarə edilməsi SOCAR və bp arasında möhkəm əməkdaşlığa söykənib. bp və SOCAR sıx işləyərək operatorluğun ötürülməsinin əhatə etdiyi bütün obyektlərin və əlaqədar fəaliyyətlərin təhlükəsiz və nizamlı şəkildə ötürülməsini və bu müddət ərzində boru kəməri əməliyyatlarının etibarlı və fasiləsiz davam etməsini təmin ediblər.
Qeyd edək ki, uzunluğu 1768 kilometr olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib. Tikinti mərhələsindən başlayaraq BTC regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb. BTC boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə dəstək verməklə tranzit ölkələrə mühüm gəlirlər gətirir.
BTC layihəsi başlandığı vaxtdan boru kəmərinin marşrutu boyunca 550-dən çox icma ilə (750 mindən çox insan) sıx işləməklə minlərlə sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət gələcəkdə də davam edəcək. BTC-nin cari ötürücülük gücü gündəlik 1 milyon barel təşkil edir. Boru kəmərində “46/42/34” diametrli borulardan istifadə olunub. Üç tranzit ölkə boyu kəmərin səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu, yeraltı və yerüstü komunikasiya xətləri, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.
Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Tikintinin ən qızğın dövründə bu işlərə 22 min nəfər cəlb olunub (bunların demək olar 80 faizini yerli işçilər təşkil edib), 110 milyondan artıq adam-saat sərf edilib və 220 min boru hissəsi qaynaq edilib.
Xatırladaq ki, BTC xam nefti Ceyhan terminalında ilk tankerə 2006-cı il iyunun 4-də yüklənib – təqribən 600 min barel “Azəri-Çıraq-Günəşli” (AÇG) xam neftindən ibarət ilk həcmlər “British Hawthorn” tankerinə yüklənərək Ceyhan terminalından yola salınıb. İndiyədək BTC boru kəməri vasitəsilə ümumilikdə 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilib, 6271 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.





















